Bakı. Trend:
2022-ci ilin üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 164 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 224 tankerə yüklənib və yola salınıb.
Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.
Ötən ilin eyni dövründə bu göstərici 148 milyon barel təşkil etmişdi. Beləliklə, BTC ilə neft ixracı il ərzində 10,8 faiz artıb.
Ümumilikdə, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə təqribən 524 milyon tondan çox (3,93 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 163 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
BTC Ko.-nun səhmdarları aşağıdakı kimidir: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.