Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 1 359 813 min manat təşkil edib, bu da illik müqayisədə 7,8% artım deməkdir.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 1 261 251,7 min manat səviyyəsində olub.
Qeyd edək ki, сari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 540,7 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,3% artım müşahidə olunub. Qaz nəqlinin 55,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 11 418,9 mln. kubmetr qaz ötürülüb (2.6%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 516 082,5 min manat təşkil edib, bu da illik müqayisədə 8,1% artım deməkdir. Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 283,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,1% artım müşahidə olunub. Qaz nəqlinin əksər hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).