...

COP29 iqlim maliyyəsi məsələlərində sıçrayış oldu - Muxtar Babayev

İqtisadiyyat Materials 12 Aprel 2025 16:21 (UTC +04:00)
COP29 iqlim maliyyəsi məsələlərində sıçrayış oldu - Muxtar Babayev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Antalya. Trend:

COP29 ərəfəsində bir çoxları dünya ölkələrinin razılığa gələ biləcəyinə və Azərbaycanın uğur qazana biləcəyinə şübhə edirdilər – onlar hər iki baxımdan yanıldılar.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev IV Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.

“Bugünkü qlobal geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir”, - o, "Yeni dövrdə İqlim Diplomatiyası və Enerji Təhlükəsizliyi" panelində çıxışı zamanı qeyd edib. "Biz uğursuzluqlarla üzləşirik. Sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yüksək temperaturun qeydə alındığı ilk təqvim ilindən sonra gələcəyə dair şübhələr getdikcə artır".

Muxtar Babayev Bakıda keçirilən COP29-un nəticələrini dönüş nöqtəsi adlandırıb. Əsas nailiyyətlər arasında o, Bakı Maliyyə Məqsədinin qəbul edilməsini - 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard ABŞ dolları vəsaitin səfərbər edilməsini, İtki və Zərər Fondunun fəaliyyətə başlamasını, həmçinin, karbon bazarları və şəffaflıq sahəsində irəliləyişləri xüsusi qeyd edib.

“Bu nailiyyətlər sübut etdi ki, ölkələr razılaşa bilər. Onlar göstərdilər ki, çoxtərəfli proses işləyir və real nəticələr verə bilər. Bu, qlobal iqlim maliyyəsi üçün trilyonlarla dolları azad etməyə kömək edəcək", - o bildirib.

Onun sözlərinə görə, bir çox dövlətlər iqlim gündəliyinə sadiq qalırlar:

"Çoxtərəfli görüşlərdə - Berlindən Tokioya qədər - rəsmilər dəstək nümayiş etdirməkdə davam edir. Birlikdə qalmaq və irəli getmək istəyi var".

Gələcək addımlardan danışan M.Babayev növbəti iqlim sammitinə ev sahibliyi edən ölkə kimi Braziliyanın dəstəklənməsinin vacibliyini qeyd etdi.

"Biz Braziliyanı dəstəkləməliyik. Danışıqların uğurlu nəticəsi dünyanın hələ də ümumi dil tapa bildiyinə dair mühüm siqnal olacaq", - o deyib.

M.Babayev 2025-ci ilin prioritetləri sırasında 2035-ci ilədək iqlimin maliyyələşdirilməsinin həcmini ildə 1,3 trilyon dollara çatdırmaq olan "Bakı-Belem Yol Xəritəsi”nin Braziliya ilə birgə işlənib hazırlanmasını xüsusi qeyd edib.

O, həmçinin, donor ölkələri 300 milyard dollarlıq hədəfə nail olmaq üçün aydın planlar təqdim etməyə çağırıb və şəffaf və etibarlı milli iqlim planlarına ehtiyac olduğunu vurğulayıb:

"Bu hesabatlar bir fürsətdir. Etibarlı və inandırıcı sənədlər yaşıl sərmayələrə yaşıl işıq yandırır", - deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti