Əlcəzair. Trend:
Əlcəzairdə İslam İnkişaf Bankının İslam maliyyəsi üzrə 19-cu qlobal forumu öz işinə başlayıb. Forum “İslam maliyyələşməsində rəqəmsal keçid və maliyyə inklüziyası” şüarı altında keçirilir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, tədbir İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində təşkil olunub.
Forum islam maliyyələşməsinin əsas inkişaf istiqamətlərinə həsr olunub. Əsas diqqət rəqəmsal islam maliyyə alətlərindən istifadə etməklə kiçik və orta biznesə, elektron ticarətə dəstək məqsədilə poçt xidmətlərinin imkanlarının genişləndirilməsinə yönəlib.
Bununla yanaşı, infrastruktur layihələri və dayanıqlı inkişaf layihələri üçün maliyyə cəlb edilməsində sukuk kimi partisipativ islam maliyyə alətlərinin tətbiq potensialı da nəzərdən keçirilir. Milli kapital bazarlarının möhkəmləndirilməsi, habelə maliyyə bazarında likvidliyin artırılması məqsədilə milli valyutada sukukun təşviqi üzrə tədbirlər müzakirə olunur.
Forumun gözlənilən nəticələrinə - islam maliyyə həllərinin milli poçt sistemlərinə inteqrasiyası üzrə strategiyaların hazırlanması və bir sıra üzv-dövlətlərdə pilot layihələrin işə salınması.
Bundan başqa, islam maliyyələşməsinin səmərəliliyini və əlçatanlığını artıra biləcək süni intellektə əsaslanan platformalara dəstəyin göstərilməsi planlaşdırılır.
Forum iştirakçıları eyni zamanda sukukun Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün həyati-əhəmiyyətli bir alət olması ilə bağlı biliklərin genişləndirilməsi, habelə, dayanıqlı inkişaf taksonomiyaları və onların iqlim və dayanıqlı inkişaf sahələrində milli prioritetlərə uyğunlaşdırılması ilə bağlı məlumatlılığın artırılmasına nail olmağa çalışırlar.