...

Ötən il valyutaya tələbin artmasına fiskal stimullar fonunda idxal həcminin yüksəlməsi təsir edib – Hesablama Palatası

İqtisadiyyat Materials 27 May 2025 10:56 (UTC +04:00)
Ötən il valyutaya tələbin artmasına fiskal stimullar fonunda idxal həcminin yüksəlməsi təsir edib – Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ildə keçirilmiş 95 valyuta hərracında 7,2 milyard ABŞ dolları satılıb, bu məbləğ əvvəlki ilə nisbətən 1,8 dəfə çox olub. Hərraclar üzrə orta tələb əvvəlki ildə qeydə alınmış 40,4 ABŞ dollarından 75,5 ABŞ dollarına yüksəlib.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

“Valyutaya tələbin artmasına əsasən fiskal stimullar fonunda idxal həcminin yüksəlməsi təsir edib. Əvvəlki illə müqayisədə satışın artması həm də aşağı baza effektindən təsirlənib. Belə ki, 2023-cü ildə Dövlət Neft Fondu transfertlərinin təxminən yarısı hərraca çıxarılmadan birbaşa xarici valyutada dövlət büdcəsinə köçürülüb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, xarici valyutaya tələbin artmasına dövlət büdcəsinin xarici valyutada daxilolmalarının (neft-qaz sektoru üzrə podratçı tərəflərin mənfəət vergisi 34,4% azalmış) və pul baratları üzrə müsbət saldonun (pul baratları üzrə müsbət saldo 49,7% azalmış) azalması da öz təsirini ötürüb.

Vurğulanıb ki, hesabat ilində xarici dövlət borcu ilə bağlı ödənişlər də xarici valyutaya tələbin yüksəlməsinə təsir edən amillərdən olub.

“Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən açıqlanan məlumatlara əsasən, il ərzində tənzimləyici qurum tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) qarşılanması məqsədilə valyuta satışı həyata keçirilmiş, bu satış 2023-cü ildə daxili bazara edilmiş alışyönlü müdaxilə hesabına təmin edilmişdir. Bu proseslər fonunda AMB-nin rəsmi beynəlxalq ehtiyatları ilin əvvəlində qeydə alınan 11,613 milyard ABŞ dollarından ilin sonunda 10,959 milyard ABŞ dollarına enib”, - məlumatda qeyd olunub.

Məlumata görə, AMB-nin satışyönlü müdaxiləsi pul kütləsinə azaldıcı təsir edən amillərdən olub.

“İl ərzində həyata keçirilən fiskal əməliyyatlar şəraitində Mərkəzi Bank tərəfindən reallaşdırılan sterilizasiya əməliyyatlarında azalma izlənmişdir. Hesabat ilinin sonunda AMB-nin notlarının nominal üzrə dövriyyədəki həcmi 208,2 mln. manat olmaqla, ilin əvvəli ilə müqayisədə 1,111 milyard manat və ya 6,3 dəfə azalıb. Ümumilikdə, hesabat ilində qiymətli kağızlar bazarında dövriyyənin həcmi 1,863 milyard manat artmış və AMB notlarının azaldıcı təsiri fonunda cəmi dövriyyənin artımı tamamilə dövlət istiqrazları hesabına təmin edilmişdir”, - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti