Biləsuvar. Trend:
"Qaradağ" Günəş Elektrik Stansiyası (GES) istismara verildiyi dövrdən indiyədək 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub.
Trend-in Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, Azərbaycan 2030-cu ilədək qoyuluş gücündə bərpa olunan mənbələrdən istifadə edən stansiyaların payını 30%-ə çatdırmağı hədəfləyir: "Əgər proseslər planlaşdırılan sürətlə davam edərsə, 30% göstəricisinə daha tez, yəni 2027-ci ilin sonuna qədər nail olunacaq. Bu istiqamətdə intensiv işlərimiz davam edir".
C. Abdullayev "Masdar" şirkətinin əsas tərəfdaşları olduğunu bildirib və qeyd edib ki, onun artıq 230 meqavatlıq elektrik stansiyası Qaradağ ərazisində istismara verilib: "Oktyabrın 26-da bu layihənin istismara verilməsinin iki ili tamam olacaq. Biz onu istismara verəndə gözləntilərimiz o idi ki, ildə yarım milyard kilovat/saat elektrik enerjisini əldə olunacaq. İki ilin tamamında 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı gözlənilir".
Qeyd edək ki, 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyası (GES) 2023-cü ildə istismara verilib.