Bakı. Trend:
Daşkənddə “Aİ-Mərkəzi Asiya” İqtisadi Forumu Brüsselin regionla əməkdaşlığı nə dərəcədə fəal şəkildə inkişaf etdirdiyini bir daha nümayiş etdirdi. İmzalanan sazişlər, investisiya proqramlarının genişləndirilməsi, zəruri xammal, rəqəmsallaşma və energetikaya vurulan xüsusi diqqət – bütün bunlar münasibətlərin formatını həqiqətən də daha yüksək səviyyəyə qaldırır. Lakin bəyanatların təsirli miqyasının arxasında bir sadə, amma prinsipial şəkildə vacib həqiqət dayanır ki, bunu görməməzlikdən gəlmək çətindir: Aİ və Mərkəzi Asiyanın hansı sənədləri imzalamasından asılı olmayaraq ,həmin razılaşmaların böyük hissəsi, ələlxüsus da tədarük, logistika və tranzitə aid razılaşmalar Azərbaycanın iştirakı olmadan sadəcə işləyə bilməz.
Nəqliyyat marşrutlarının, zəruri xammal ixracının, enerji sistemlərinin inteqrasiyasının və ya regiondaxili əlaqəliliyin gücləndirilməsinin istənilən müzakirəsi bir coğrafi və infrastruktur reallığı ilə üz-üzə gəlir: Azərbaycan bu məkanın “əlaqələndirici körpüsü”dür. Üstəlik, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən yeganə dayanıqlı və artıq fəaliyyət göstərən körpüdür.
Keçən forum Aİ ilə Mərkəzi Asiya arasında fəal keçmiş ilin yekunlarını müəyyənləşdirdi. Bunlara Səmərqənddə keçirilmiş sammit, Aşqabadda baş tutan nazirlər səviyyəsində görüş və Özbəkistan Prezidentinin Brüsselə səfəri daxildir. Bu mərhələdən sonra Daşkənddə genişmiqyaslı müzakirələr başlandı və yeni təşəbbüslər elan olundu.
Aİ öz diqqətini “Global Gateway” strategiyasının praktiki həyata keçirilməsinə yönəldərək müzakirələrdən konkret layihələrə keçdi. Ən böyük diqqət energetika, rəqəmsal transformasiya, tədarük zəncirlərinin dayanıqlığı və xüsusilə də kritik xammal sahəsinə yönəldi.
Avropa Komissiyasının beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela açıq şəkildə bildirdi:
“2025-ci il Mərkəzi Asiya və Aİ-nin birlikdə nə qədər çox şey əldə edə biləcəyini göstərdi. Biz potensialdan reallığa keçirik – rəqəmsal kommunikasiyalar, təmiz enerji və müasir nəqliyyat sahəsində. Bu təşəbbüslər sayəsində biz davamlı artıma töhfə veririk, dayanıqlığımızı artırırıq və hər iki regionumuz üçün yeni imkanlar açırıq.”
O həmçinin “Global Gateway” çərçivəsində altı yeni sazişin imzalandığını bildirib və vurğulayıb ki, bu addımlar Transxəzər dəhlizinin funksional və rəqabətqabiliyyətli marşruta çevrilməsinə kömək edəcək.
Təqdim olunan təşəbbüslər arasında əsas yeri “GROW CRM” proqramı tutur – bu proqram kritik xammal sahəsində layihələrin hazırlanması, texniki-iqtisadi əsaslandırmaların hazırlanması, normativ-hüquqi bazanın modernləşdirilməsi və yeni dəyər zəncirlərinin yaradılması üçün Aİ-nin və Avropa Yenidənqurma və İnkişaf Bankının tərəfdaşlığını nəzərdə tutur. Hələ 2024-cü ildə Özbəkistan və Aİ kritik xammal üzrə strateji tərəfdaşlıq haqqında razılaşma əldə edib və yol xəritəsi imzalayıblar. İndi isə bu əməkdaşlıq praktiki reallaşma mərhələsinə keçməkdədir.
Aİ Mərkəzi Asiyanın xammalı barədə söz açırsa, bu, Azərbaycana da aiddir. Aİ nəqliyyat dəhlizlərini müzakirə edirsə, bu da Azərbaycana aiddir. Aİ regiondan idxalı artırmağı planlaşdırırsa, istənilən halda Azərbaycan infrastrukturuna əsaslanır. Azərbaycan artıq tamdəyərli regional logistika və nəqliyyat mərkəzi statusunu möhkəmləndirib. 2022-ci ildən bəri Orta Dəhliz üzrə yükdaşımaların həcmi təxminən 90% artıb, ölkə isə Qazaxıstan nefti və uranının, Çindən gələn konteyner qatarlarının, həmçinin Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinin yüklərinin tranzit marşrutu kimi çıxış edir. Təkcə 2024-cü ildə Azərbaycan üzərindən 11 milyon tondan çox yük daşınıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzərin ən böyük ticarət donanması, Bakı–Tbilisi–Qars dəmir yolu və doqquz beynəlxalq hava limanı ölkəni Avrasiyanın əsas nəqliyyat arteriyasına çevirir.
Orta Dəhliz artıq geosiyasi təlatümlərə davamlı olan əsas Avrasiya magistralına çevrilib. Xüsusi önəm daşıyan Zəngəzur dəhlizi – başqa adı ilə TRIPP (The Trump Route for International Peace and Prosperity) – Orta Dəhlizin tərkib hissəsi olacaq. Aİ-nin Orta Dəhlizi strateji əhəmiyyətli hesab etdiyini və onun inkişafına 10 milyard avro investisiya yatırdığını nəzərə alsaq, TRIPP-in də əhəmiyyəti danılmazdır – həmin dəhliz Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat qovşağının ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Bundan əlavə, 2024-cü ilin noyabrında COP29 çərçivəsində Bakıda üç ölkə “yaşıl” enerjinin istehsalı və ötürülməsi barədə saziş imzaladı. Bu layihə böyük bir region – Qazaxıstandan başlayaraq Xəzər və Qafqaza qədər – üçün yeni enerji sisteminin yaradılmasını təmin edir və onu birbaşa Avropa ilə birləşdirir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev əvvəllər çox açıq şəkildə bildirmişdi ki, “Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır.” Bu ifadə əslində hər şeyi açıq-aydın ifadə edir.
Daşkənddə imzalanan sazişlər idarəetmənin modernləşdirilməsi, xammal sənayesinin inkişafı, təhlükəsizliyin gücləndirilməsi, ekosistemlərin bərpası və rəqəmsal transformasiya baxımından doğrudan da böyük əhəmiyyət daşıyır. Lakin bu sənədlərə praktik prizmadan – xammal, enerji, məhsul və avadanlıqların tədarükü baxımından – yanaşdıqda bütün yollar tək bir logistika mərkəzinə aparır.
Azərbaycan olmadan Mərkəzi Asiyadan Avropaya heç bir dayanıqlı tədarük modeli nə sabit, nə də iqtisadi cəhətdən məntiqli ola bilər. Aİ Özbəkistanla yol xəritələri imzalaya, Qazaxıstan xammalının ixracını genişləndirməyi planlaşdıra, emal layihələrinə sərmayə qoya bilər, lakin fiziki marşrut hər zaman eynidir: Xəzər üzərindən, Azərbaycan vasitəsilə.
Bu isə artıq real təcrübədir – rəqəmlərlə, layihələrlə və siyasi qərarlarla təsdiqlənmiş reallıq. Aİ-nin regionla gələcək əməkdaşlığının məntiqi də məhz bunun üzərində qurulur: Avropa üçün Mərkəzi Asiya sadəcə beş ölkədən ibarət deyil, Azərbaycan da daxil olmaqla geniş və bir-biri ilə inteqrasiya olunmuş bir regiondur. Bu yanaşma Çin və ABŞ-da da qəbul olunur – hər iki ölkə regionu onun əsas nəqliyyat və enerji qovşaqları ilə birlikdə bütöv şəkildə nəzərdən keçirir. Brüssel Transxəzər marşrutuna investisiya yatırmaqla və” Global Gateway” təşəbbüsünü təşviq etməklə artıq bunu faktiki olaraq təsdiq edir: Azərbaycan Avrasiyanın strateji “körpüsünə” çevrilir və regionda heç bir Avropa təşəbbüsü onsuz işləyə bilməz.
