Bakı. Trend:
Bu il ilkin səhm bazarında böyük səhm emissiyası gözlənilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakı Fond Birjası"
QSC-dən (BFB) məlumat verilib.
Ötən il ilkin səhm bazarında kəskin azalma ilə bağlı BFB-dən
bildirilib ki, 2024 -cü ildə baş tutan irihəcmli IPO-nu ((Initial
Public Offering) — ilkin kütləvi səhm təklifi)) nəzərə alaraq,
rəqəmlər bunu əks etdirir: “Müqayisədə 2025-ci ildə belə həcmli
səhm yerləşdirməsi olmadığından, qeyd etdiyiniz rəqəmlərdə azalma
müşahidə edilir”.
Məlumatda o da qeyd edilib ki, bu il üzrə böyük səhm emissiyası gözlənilir.
“Hazırda şirkət adı çəkə bilmirik, lakin bəlli olan kimi, xəbər edəcəyik”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, 2025-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 63,823 milyard manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 7,333 milyard manat və ya 10,3% azdır.
Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 29 585 olub ki, bu da 2024-cü illə müqayisədə 42 145 vahid və ya 2,4 dəfə azdır.
BFB-nin dövriyyəsinin 50,633 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 10,3 milyard manat və ya 16,9% azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 2,818 milyard manat və ya 35,8% artaraq 10,682 milyard manata, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 5,8% artaraq 2,508 milyard manata bərabər olub.
Eyni zamanda "Bakı Fond Birjası" QSC-nin 2025-ci ilin əməliyyat göstəricilərinə əsasən, ilkin səhm bazarında bağlanılmış əqdlərin ümumi dəyəri 2024-cü illə müqayisədə 9,2 dəfə azalaraq 70,675 milyon manatdan 7,680 milyon manata, ümumi sayının isə 49 301-dən 9-a düşüb.
