Bakı. Trend:
Azərbaycan Xəzər dənizi, Qafqaz və Mərkəzi Asiya arasında yerləşən coğrafi mövqeyindən istifadə edərək iqlim, energetika, kənd təsərrüfatı və sənaye sahələrində regional əməkdaşlığın təşviqi məqsədilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində strateji və proaktiv rol oynayır.
Bunu Trend-ə İƏT baş katibi, doktor Əsəd M. Xan bildirib.
O qeyd edib ki, Azərbaycan 3–4 iyul 2025-ci il tarixlərində Xankəndidə İƏT-in 17-ci Zirvə Toplantısına, həmçinin İƏT Gənclər Forumuna, İƏT Qadınlar Forumuna və İƏT Biznes Forumuna uğurla ev sahibliyi edib.
“Zirvə çərçivəsində bir sıra çoxtərəfli forumlar keçirildi. Bunlara 2 iyul 2025-ci ildə Şuşada ““İnvestisiyaların və ticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatoru kimi” mövzusunda təşkil olunan 6-cı İƏT Biznes Forumu da daxil idi və forum biznes liderlərini və investorları bir araya gətirdi. Zirvə Azərbaycanın Qarabağ bölgəsinin müxtəlif şəhərlərində keçirilmiş dinamik və inklüziv “İƏT Həftəsi”nin yekunu oldu. Gənclər, qadınlar və biznes forumlarında aparılan məzmunlu müzakirələr və əldə olunan nəticələr Təşkilatın yeni strateji sənədi – “İqtisadi Əməkdaşlıq üzrə Strateji Məqsədlər – 2035” sənədinin əsasını təşkil etdi.
Azərbaycan Bakıda İƏT-nun Təmiz Enerji Mərkəzinə, həmçinin region iqtisadiyyatına dair məsələlər üzrə “İƏT İqtisadi Jurnalı”nı nəşr edən İƏT İqtisadi Araşdırmalar Mərkəzinə ev sahibliyi edir. Bu il Şuşa “İƏT Turizm Paytaxtı” titulunu daşıyır və bu çərçivədə şəhərin turizm potensialının təşviqi, eləcə də ölkənin turizm qurumları ilə birlikdə Qarabağ regionunun iqtisadi inkişafının dəstəklənməsi planlaşdırılır. 2026-cı ilin ikinci rübündə Şuşada geniş müşayiətedici tədbirlər proqramı ilə İƏT turizm nazirlərinin görüşü də keçiriləcək”, – baş katib bildirib.
“Azərbaycan həmçinin İƏT Ticarət Sazişi (İƏTTS) üzrə Danışıqlar Strategiyası və Yol Xəritəsinin qəbulunda konsensusa qoşulub və sazişin imzaçısı olmayan üzv dövlət kimi onun yenidən nəzərdən keçirilməsi prosesinə qoşulmağa hazır olduğunu ifadə edib. İƏT Katibliyi bu addımı Azərbaycanın yenilənmiş və daha balanslaşdırılmış İƏT Ticarət Sazişinə qoşulması üçün potensial imkan kimi qiymətləndirir. Bu saziş Təşkilatın azad ticarət zonasının yaradılması istiqamətində flaqman layihəsi hesab olunur.
Azərbaycan regional nəqliyyat bağlantılarının mərkəzi kimi çıxış edərək İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır. Şərq–Qərb və Şimal–Cənub əsas marşrutlarının kəsişməsində strateji mövqedə yerləşən ölkə iri bazarlar arasında tranzit axınlarının inkişafına töhfə verir. Azərbaycan müasir nəqliyyat infrastrukturuna ardıcıl investisiyalar yatırır, xüsusilə dəmir yollarına, avtomobil magistrallarına və Xəzər dənizində liman infrastrukturuna xüsusi diqqət yetirir. Bu isə İƏT dövlətlərini qlobal ticarət marşrutları ilə birləşdirən multimodal nəqliyyat şəbəkəsinin formalaşmasına imkan yaradıb”, – deyə Əsəd M. Xan əlavə edib.
Baş katib bildirib ki, dəmir yolu və avtomobil nəqliyyatı dəhlizlərinin genişləndirilməsi və modernləşdirilməsi, həmçinin liman əməliyyatlarının rəqəmsallaşdırılması daxil olmaqla infrastrukturun davamlı inkişafı regional bağlantıların daha da güclənməsinə xidmət edəcək. Elektron sənədlərin tətbiqi, “vahid pəncərə” sistemləri və texniki standartların uyğunlaşdırılması vasitəsilə gömrük və tranzit prosedurlarının sadələşdirilməsi də transsərhəd daşımaların səmərəliliyini artıracaq.
Onun sözlərinə görə, əlavə olaraq, xüsusilə Orta Dəhliz və Şimal–Cənub istiqamətləri üzrə yeni ticarət marşrutlarının inkişafı nəqliyyat imkanlarının şaxələndirilməsinə və İƏT regionunda təchizat zəncirlərinin dayanıqlığının artırılmasına şərait yaradacaq.
“Azərbaycanın proaktiv liderliyi və islahatlara sadiqliyi onu regional iqtisadi inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevirir. Nəqliyyat dəhlizlərinin inkişafı üzrə təşəbbüslər, İƏT üzv dövlətləri ilə ticarət sazişləri, həmçinin Türkiyə və Pakistanla preferensial ticarət razılaşmaları ölkəni İƏT regionunun logistika mərkəzinə çevirib.
İƏT Ticarət və İnkişaf Bankının (ETDB) üzvü olan Azərbaycan Bank tərəfindən maliyyələşdirilən regional ticarət və infrastruktur layihələrinin həyata keçirilməsində də iştirak edir.
2025-ci ilin dekabrında Azərbaycan İƏT Katibliyində elektron məlumat mübadiləsi (EDI) və tekstil materiallarının təsnifat xüsusiyyətlərinə dair təlim sessiyalarına uğurla ev sahibliyi edib. Bu tədbirlər müasir İT həlləri vasitəsilə gömrük prosedurlarının optimallaşdırılması və əməliyyat səmərəliliyinin artırılmasına yönəlib”, – deyə baş katib bildirib.
O əlavə edib ki, birgə səylər nəticəsində İƏT regionu effektiv nəqliyyat əlaqələri, ticarətin sadələşdirilməsi, rəqəmsallaşma və tənzimləyici uyğunlaşma vasitəsilə “dəhlizlər regionuna” çevrilə bilər və bu da coğrafi mövqeni ümumi rəqabətcil üstünlüyünə döndərmiş olacaq.
Onun sözlərinə görə, Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir və daha inteqrasiya olunmuş, daha da çiçəklənən region baxışının təşviqinə töhfə verir.
Qeyd etmək lazımdır ki, İƏT-in Təmiz Enerji Mərkəzi (CECECO) təşkilati formalaşmanın ilkin mərhələsini uğurla başa çatdırmış və inzibati strukturlarını formalaşdırmışdır. Əsas mərhələlər sırasında 9 sentyabr 2025-ci il tarixində İdarəedici Şuranın ilk iclasının keçirilməsi, icraçı direktorun təyin olunması, ölkə ilə Sazişin imzalanması və Bakıda baş qərargahın açılması yer alır ki, bu da Mərkəzin tamdəyərli operativ fəaliyyətini təmin etmiş olub.
İƏT Mərkəzi regional və beynəlxalq dialoqlarda fəal iştirak edir, üzv dövlətlər arasında bilik mübadiləsinin təşviqinə və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verir. “CECECO Clean Energy Hackathon” 2026 kimi flaqman təşəbbüslər və enerji səmərəliliyinin təşviqinə yönəlmiş informasiya kampaniyaları işə salınmışdır ki, bu da gənclərin cəlb olunmasına və dayanıqlı enerji təcrübələrinin təşviqinə xidmət edir”, – deyə Əsad M. Xan bildirib.
Baş katibin sözlərinə görə, İƏT Mərkəzi fəaliyyətinin ilkin mərhələsində olmasına baxmayaraq, artıq gələcək layihələrin, tərəfdaşlıqların və regional təşəbbüslərin hazırlanması və həyata keçirilməsi üçün möhkəm əsas yaradılıb.
“CECECO İƏT regionunda dayanıqlı enerji keçidi və təmiz enerji sahəsində əməkdaşlıq üçün unikal platformaya çevrilmək məqsədi güdür. Gələcəkdə Mərkəz bərpa olunan enerji və enerji səmərəliliyi üzrə regional və beynəlxalq forumlarda iştirakını genişləndirəcək, üzv dövlətlər arasında siyasi dialoqu və təcrübə mübadiləsini təşviq edəcək”, – deyə o vurğulayıb.
Əsəd M. Xan qeyd edib ki, Azərbaycanın İƏT-in nəqliyyat-logistika infrastrukturunun gücləndirilməsində rolu mühüm əhəmiyyət daşıyır, çünki ölkə Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Cənubi Asiya arasında vacib bağlantı halqası kimi çıxış edir: “Strateji tranzit qovşağı kimi Azərbaycan Şərq-Qərb (Orta Dəhliz/Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və Şimal-Cənub kimi dəhlizlərin inkişafı vasitəsilə regional inteqrasiyanı gücləndirir. Bu təşəbbüslər İƏT ölkələri arasında iqtisadi əlaqələrin dərinləşməsinə və Şərqlə Qərb arasında fasiləsiz ticarət marşrutlarının formalaşmasına töhfə verir”.
Baş katib bildirib ki, bu baxımdan Azərbaycanın nəqliyyat inteqrasiyasına töhfəsi İƏT regionunun Avropa ilə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək:
“Transxəzər dəhlizinin inkişafı Asiya ilə Avropa arasında tranzit müddətlərinin azalmasına və daşımaların həcminin artmasına imkan verəcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da daxil olmaqla liman infrastrukturunun genişləndirilməsi, eləcə də dəmir yolu və avtomobil şəbəkəsinin modernləşdirilməsi ölkənin yüklərin daşınması üçün əsas ‘qapı’ kimi mövqelərini möhkəmləndirəcək”.
Onun sözlərinə görə, Azərbaycanın texnoloji həllərin tətbiqinə, o cümlədən gömrük və nəqliyyat prosedurlarının rəqəmsallaşdırılmasına, “vahid pəncərə” sistemlərinə və elektron sənəd dövriyyəsinə sadiqliyi sərhədlərarası ticarətin həcminin artmasına şərait yaradacaq.
“Yüklərin real vaxt rejimində izlənməsi, süni intellekt əsasında marşrutların optimallaşdırılması və infrastrukturun proqnozlaşdırıcı texniki xidməti kimi ‘ağıllı’ logistika həllərinin tətbiqi səmərəliliyi artıracaq və xərcləri azaldacaq. Bundan əlavə, Azərbaycan dəmir yollarının elektrikləşdirilməsi və enerji-səmərəli texnologiyaların tətbiqi daxil olmaqla dayanıqlı nəqliyyat infrastrukturunu inkişaf etdirir ki, bu da qlobal dayanıqlı inkişaf məqsədlərinə uyğundur və regionun müasir, ekoloji məsuliyyətli nəqliyyat dəhlizi kimi cəlbediciliyini artırır”, – deyə Əsad M. Xan yekunlaşdırıb.
