...

Bir neçə iri xarici bank Azərbaycanın lizinq bazarına maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2010 16:50 (UTC +04:00)
Bir neçə iri xarici bank, o cümlədən Rusiya bankları Azərbaycanın lizinq bazarında fəaliyyətin genişləndirilməsinə və bu sahəyə investisiya yatırımına ciddi maraq göstərirlər.
Bir neçə iri xarici bank Azərbaycanın lizinq bazarına maraq göstərir

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir A.Axundov/

Bir neçə iri xarici bank, o cümlədən Rusiya bankları Azərbaycanın lizinq bazarında fəaliyyətin genişləndirilməsinə və bu sahəyə investisiya yatırımına ciddi maraq göstərirlər. Bunu Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) sədri, "Joint Leazinq" şirkətinin baş direktoru Elçin Əhmədov Moskvada "Rusiya və MDB-də lizinq" beynəlxalq konfransında çıxışı zamanı deyib. Bu barədə ALŞA-nın çərşənbə günü yayılan məlumatında deyilir.

"Bu böyük banklar həm də lizinq sektorunun fəal iştirakçılarıdır və Azərbaycanın lizinq bazarında öz iştiraklarını onun şərait və perspektivindən asılı olaraq nəzərdən keçirirlər", - Əhmədov qeyd edib.

"IC Energy" şirkətinin təşkil etdiyi konfrans zamanı nümayəndələr maliyyə böhranının təsiri şəraitində lizinq sektoruna yeni yanaşmalar, bazarın inkişaf perspektivləri, dövlət və biznesin qarşılıqlı fəaliyyəti kimi aktual mövzuları müzakirə ediblər.

Tədbirin gündəliyinə lizinq əməliyaytları iştirakçıları arasında yeni münasibətlərin qurulma imkanı, bazar strukturunun dəyişməsi və sektorun davamlı artımının təmini kimi mövzular müzakirə üçün daxil edilib.

Əhmədov konfrans zamanı Rusiya, Özbəkistan, Belarus və Ukraynanın lizinq assosiasiyalarının rəhbərləri, eləcə də beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirib.

Daha sıx əməkdaşlığın qurulması barədə razılıq əldə olunub.

"Konfrans təcrübə mübadiləsi, əlaqələr və MDB ölkələrinin lizinq bazarının vəziyyəti haqqında qarşılıqlı məlumatlandırmanın qurulması üçün böyük əhəmiyyətə malik olub", - Əhmədov bildirib.

İkigünlük konfransda MDB ölkələrinin lizinq assosiasiyalarının rəhbərləri, MDB və Avropa ölkələrinin aparıcı lizinq şirkətlərinin, yerli və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti