...

Sosial Şura Azərbaycanda qeyri-leqal məşğulluğun aradan qaldırılması üzrə tədbirləri müzakirə edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2012 14:29 (UTC +04:00)
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın "Qeyri-leqal məşğulluğun aradan qaldırılması tədbirləri" mövzusunda növbəti iclası keçirilib.
Sosial Şura Azərbaycanda qeyri-leqal məşğulluğun aradan qaldırılması üzrə tədbirləri müzakirə edib (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın "Qeyri-leqal məşğulluğun aradan qaldırılması tədbirləri" mövzusunda növbəti iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovun sədrliyi ilə keçən iclasda nazirliyin müvafiq struktur bölmələrinin, sosial tərəfdaşların, aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak edib.

Nazir müavini Natiq Məmmədov dayanıqlı iqtisadi tərəqqiyə nail olunan ölkəmizdə xüsusən qeyri-neft sektorunda davamlı artım əldə edildiyini, son 8 ildə bir milyondan çox, cari ilin birinci yarımilində isə 46 min yeni iş yerinin yaradıldığını, işsizliyin hətta inkişaf etmiş ölkələrlə müqayisədə aşağı düşərək 5,4 faizə endiyini deyib.

Qeyd olunub ki, bununla belə, məşğul əhalinin sayı ilə müqayisədə əmək müqaviləsi əsasında işləyənlərin sayı xeyli azdır. Bu, onu göstərir ki, bir çox işəgötürənlər qeyri-leqal əmək münasibətlərinə yol verməkdə, bununla həm işçi hüquqlarını pozmaqda, həm də müvafiq vergini ödəməkdən yayınmaqda davam edirlər.

Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində ciddi dönüş əldə olunması üçün konkret tədbirlərin görülməsinə artıq başlanılıb. Belə ki, müvafiq qanunvericilikdə təkmilləşdirmələrin aparılması, belə hallara qarşı daha təsirli tədbirlərin görülməsi qərara alınıb. Həmçinin sosial tərəfdaşların təmsil olunduğu Milli Üçtərəfli Sosial Şuranın tərkibində qeyd olunan hallarla bağlı Komissiya yaradılıb.

Bildirilib ki, mahiyyət etibari ilə qanunvericilik işəgötürənin onun fəaliyyəti üçün zəruri hesab etdiyi müəyyən işləri fiziki şəxslərlə mülki-hüquqi müqavilə bağlamaqla həyata keçirməsinə icazə verir. Lakin qanunvericilikdə mülki-hüquqi müqavilə ilə əmək müqaviləsi arasında prinsipial fərqləri müəyyən edən birbaşa normalar göstərilməmişdir ki, bu da işəgötürənlərin işçilərlə əmək münasibəti yaradarkən daha çox mülki-hüquqi müqavilələrə üstünlük vermələrinə şərait yaradır.

Əmək müqaviləsi əvəzinə mülki müqavilənin bağlanmasında məqsəd isə iş yerlərində əməyin mühafizəsi norma və qaydalarına əməl olunmasından, işçinin xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin edilməsindən, onu dövrü olaraq tibbi müayinədən keçirilməsindən yayınmaq, məcburi dövlət sosial sığorta haqqını fiziki şəxsin üzərinə qoymaqdır. Həmçinin Əmək Məcəlləsinin 6-cı maddəsinin d) yarımbəndinə əsasən mülki-hüquqi müqavilə üzrə işləri yerinə yetirən şəxslər əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzarət dairəsinə düşmədikləri üçün vergidən də yayınırlar.

Hazırda qanunvericiliyə ediləcək dəyişikliklərlə bağlı təkliflərdən biri də mülki müqavilə bağlanan işçilərin sayının ümumi işçilərin 10 faizindən çox olmamasını nəzərdə tutur.

İclasda yaranmış problemin aradan qaldırılması məqsədilə hazırlanan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri Sosial Şuranın müzakirəsinə təqdim olunub, layihələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti