...

"Unibank" filiallarında "cash-in" cihazları quraşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2012 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend/

"Unibank" nağd vəsaitləri depozit və kart hesablarına qəbul edən və kreditləri ödəmək imkanı verən müasir tipli "cash-in" cihazlarının quraşdırılmasına başlayıb.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "cash-in" aparatları bankın həm paytaxt, həm də bölgələrdəki filiallarında işə salınır. Yaxın gələcəkdə isə bu cihazlar Bakının biznes-mərkəzlərində və "Unibank"ın tərəfdaşları olan ticarət şəbəkələrində quraşdırılacaq. Alınan yeni avadanlığın İT-testləşdirməsi başa çatdırılıb, "cash-in" cihazlarının interfeysi isə tam olaraq bankın xidmətlərinə uyğunlaşdırlıb. Nəticədə müştərilər operativ sürətdə kreditlər üzrə ödənişlərini həm nağd vəsaitlərlə, həm də plastik kartları vasitəsilə apara bilərlər.

Bundan başqa, yeni "cash-in" cihazlarının quraşdırılması ilə onlar müxtəlif növ depozit və kart hesablarının artırılması imkanında olacaqlar. Bu zaman daha bankın kassalarına müraciət etmək zərurəti yaranmayacaq, vəsaitlər isə hesablara gün ərzində istənilən məqamda real vaxt rejimində yatırılacaq. Maraqlıdır ki, "cash-in" cihazlarında digər əməliyyatlar, o cümlədən kommunal xidmətlər və mobil telefonlar üzrə ödənişlər də aparıla bilər.

"Nağd pulun qəbulu və hesabların artırılmasını mümkün edən yeni cihazlar, müştərilərin vaxtını kəskin sürətdə qanaət etməklə bərabər, apardıqları əməliyyatları avtomatlaşdırır", - "Unibank" ASC-nin riteyl xidmətlərin inkişafı üzrə baş meneceri Taleh Tahirli belə hesab edir.

Onun sözlərinə görə, hər bir müştəri artıq istədiyi zaman, bank filiallarının əməliyyat rejimindən asılı olmayaraq, hesablarını artırmaq, plastik kartına pul yatırmaq, kreditləri üzrə ödəmələr aparmaq iqtidarındadır. "Fərdi bankçılıq sahəsində bir lider kimi, "Unibank" kütləvi sürətdə kreditlər ayırmaqla bərabər, onların ödənilməsi üçün müasir və effektiv həllər təklif edə bilər", - o deyib.

Qeyd edək ki, yeni "cash-in" cihazlarına yalnız milli valyutada olan pul əsginazları daxil olunur. Buna baxmayaraq, xarici valyutalarda açılan hesablara da ödənişlər qəbul edilir - manat vəsaitləri bu zaman bankın əməliyyat gününə açıqladığı məzənnəyə uyğun xarici valyutalara çevrilir.

Xəbər lenti

Xəbər lenti