Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbirlər M.Əliyev, A.Axundov/
Milli Məclis çərşənbə axşamı plenar iclasın gedişində "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanunu qəbul edib.
Trend-in məlumatına görə, bir müddət əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oqtay Abbasov bildirmişdi ki, bu gün bu sahədəki qanunvericilik beynəlxalq tələblərə cavab vermir. Yeni qanunda metrologiya sahəsində dövlət tənzimləməsi altına düşən, həmçinin ona ehtiyacın olmadığı sahələr konkretləşdiriləcək.
"Qanun bu sahədə özəl sektorun işi üçün yaxşı şərait yaradır, onların üzərində nəzarət prosesini sadələşdirir", - Abbasov deyib.
Belə qanunun qəbul edilməsi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması baxımındaxn da vacibdir.
Bu sahədə hazırda qüvvədə olan qanun 2000-ci ildə qəbul edilib və hazırlama, istehsal, yoxlama, sınaq, istismar, təmir, satış, idxal və ölçü vasitələrinin ixracı sahəsində münasibətləri nizamlayır.
Ölçmə vəhdəti ölçünün elə bir halıdır ki, nəticələr göstərilən vahidlə ifadə olunur və ölçü səhvləri müəyyən edilmiş həddə olur.