...

Azərbaycanda ilk dəfə Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 15:41 (UTC +04:00)
11-13 aprel 2013-cü il tarixində Azərbaycanda ilk dəfə olaraq "Bakı Ekspo" mərkəzində su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri - Xəzər Beynəlxalq Su Texnologiyaları ("CATEF-2013") sərgi və forumu keçiriləcək.
Azərbaycanda ilk dəfə Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və forumu keçiriləcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

11-13 aprel 2013-cü il tarixində Azərbaycanda ilk dəfə olaraq "Bakı Ekspo" mərkəzində su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi üzrə Xəzəryanı regionun yeganə ixtisaslaşdırılmış tədbiri - Xəzər Beynəlxalq Su Texnologiyaları ("CATEF-2013") sərgi və forumu keçiriləcək. Sözügedən tədbir "Azərsu" ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunacaq. Təşkilati tərəfdaş qismində isə "Iteca Caspian LLC" şirkəti çıxış edir.

Hazırda Azərbaycanda ölkə rəhbərliyi tərəfindən su ehtiyatlarından rasional istifadə, mikrotunellərin tikintisi, yağış sularının toplanması və idarə edilməsi, su ehtiyatlarının bərpası və mühafizəsi istiqamətində yeni texnologiyaların tətbiqi, suyun hazırlanması, məişət və sənaye təyinatlı suyun təchizi, tullantı suların təmizlənməsi, boru kəməri sistemlərinin inşası, istismarı və s. məsələlərə xüsusi diqqət yetirilir.

Bu yaxınlarda Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda su təchizatı və kanalizasiya layihələri üzrə böyük planların olduğunu vurğulanıb: "Gələn beş il üçün su və kanalizasiya yüksək prioritet məsələ olacaq. Çünki biz bu layihəni mərhələlərlə reallaşdıracağıq. Qeyd etdiyim kimi, ilk mərhələ 2013-cü ilin, ikinci mərhələ isə 2016-cı ilin sonuna qədərdir".

Beləliklə, Azərbaycan Respublikası ərazisində həyata keçirilən və planlaşdırılan irimiqyaslı layihələr, investorların regiona getdikcə artan marağı, habelə ən yeni avadanlıq və texnologiyaların Azərbaycan müəssisələrində tətbiq və istifadə edilməsi üzrə geniş perspektivlər bu tədbirin aktuallığını şərtləndirir. "CATEF-2013" sərgi və forumunun məqsədi beynəlxalq əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə, sənaye istehsalı və bələdiyyə təsərrüfatında ən yeni, ekoloji cəhətdən zərərsiz texnologiyaların tətbiq edilməsinə, çay və su hövzələrinin çirklənmə səviyyəsinin azaldılmasına, ucqar kəndlərin içməli su ilə təmin edilməsinə, eləcə də kənd ərazilərində suvarma suyu probleminin həllinə və s. kömək etməkdir.

"CATEF-2013" sərgisində 100-dən çox texnologiya şirkətləri, təchizatçılar, istehlakçılar, ekoloqlar, inşaat şirkətləri və digərlərinin iştirakı gözlənilir. İlk dəfə keçirilməsinə baxmayaraq, artıq "CATEF-2013" sərgisi və forumunda bu sahənin bir çox aparıcı şirkətlərində - Akkord (Azərbaycan), Allied Solutions Central Eastern Europe LTD (Ukrayna), Aqualina (İspaniya), Özkan Makina (Türkiyə), Samsun Makina (Türkiyə), CAI (Ukrayna), GDF SUEZ (Fransa), Xylem (İsveç), Halla (Cənubi Koreya), Nippon KOEİ LTD. (Yaponiya), Herrenknecht AG (Almaniya), ITECO International Technical Engineers Company (Kanada), KIA Motors (Cənubi Koreya), Kronhe (Almaniya), Nordic Water- EMO (İsveçrə), Sulzer (İtaliya), Sumqayıt Texnologiyalar Parkı (Azərbaycan) və bir sıra digər şirkətlərdə böyük marağa səbəb olub.

Sərgi çərçivəsində ziyarətçilərin diqqətinə su təchizatı, tullantı sularının təmizlənməsi və axıdılması, su ehtiyatlarının bölgüsü, su analizi üzrə ölçmə və tənzimləmə texnologiyaları, klapanlar, nasoslar, sistemin yüklənməsi, informasiya texnologiyaları avadanlıqları vasitəsi ilə idarəetmənin möhkəmləndirilməsi, yerüstü və yeraltı suların mühafizəsi, inşaat texnikası, maşın və avadanlıqlar, qazıma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, daşqınlardan mühafizə, suyun təmizlənməsi və geotermik texnologiyalar təqdim olunacaq.

Sərgi ilə paralel olaraq suyun hasilatı və təmizlənməsi üzrə yeni texnologiya və avadanlıqlara həsr olunmuş forum da keçiriləcək. Bu forum qabaqcıl texnologiyaların nümayiş etdirilməsini və regionun əsas subyektlərinin iştirakı ilə problemlərin müzakirəsini səmərəli şəkildə uzlaşdırmaq üçün şərait yaradacaq. Forumda dövlət strukturları, sənaye və mənzil-kommunal təsərrüfatının nümayəndələri, milli ekspertlər, iri sənaye müəssisələrinin rəhbər və ekoloqları, eko-texnologiyalar və eko-xidmətlər təchiz edən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, habelə birliklər və qeyri-hökumət təşkilatları iştirak edəcəklər (forumun əsas mövzuları: içməli suyun təmizlənməsi üçün innovativ texnologiyalar, tullantı və yağış sularının təmizlənməsi, törəmə məhsulların istifadəsi, kommunikasiya xətlərinin tranşeyasız inşası üsulları, bataqlıqların və süni göllərin qurudulması, ekoloji zonalar və sair).

Beləliklə, "CATEF-20132 sərgisi bu sahənin mühüm hadisəsinə çevriləcək. Sərginin təşkilatçıları əmindirlər ki, bu sərgi-forum qonşu sahələrin mütəxəssisləri arasında məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına öz töhfəsini verməklə yanaşı, su təsərrüfatı sahəsində işgüzar əlaqələrin qurulması, təcrübələrin mübadiləsi və uzunmüddətli müqavilə və sazişlərin imzalanması üçün unikal məkana çevriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti