...

Bakıda Gənclər təşkilatlarının IV Respublika sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2012 11:44 (UTC +04:00)
Noyabrın 28-də Bakı şəhərində Gənclər təşkilatlarının IV Respublika sərgisinin açılışı olacaq.
Bakıda Gənclər təşkilatlarının IV Respublika sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Noyabrın 28-də Bakı şəhərində Gənclər təşkilatlarının IV Respublika sərgisinin açılışı olacaq.

Bu diqqətəlayiq hadisə ilk dəfə olaraq "Bakı Expo" sərgi mərkəzində keçiriləcək və üç gün davam etdikdən sonra öz işini noyabrın 30-da başa çatdıracaq. Gənclər təşkilatlarının IV Respublika sərgisi Azərbaycan Gənclər və İdman Nazirliyi dəstəyi ilə keçirilir.

Trend-in məlumatına görə, sözügedən tədbir Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.5.8-ci (Gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgilərin təşkil edilməsi) yarımbəndinin icrası məqsədilə təşkil edilir. Sərgidə təxminən 100-ə yaxın gənclər təşkilatı iştirak edəcək. Sərginin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, eləcə də onlar tərəfindən həyata keçirilən layihə və tədbirlər haqqında geniş məlumat vermək, həmçinin, gəncləri ictimai fəaliyyətə cəlb etməkdir. Sərginin bütün iş günləri ərzində gənclər üçün seminarların, təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sərginin təşkilatçısı "Iteca Caspian" MMC-dir.

Gənclər təşkilatlarının IV Respublika sərgisi 1-ci Azərbaycan Beynəlxalq İdman, İdman Ləvazimati və Geyimi Sərgisi "SportExpo-2012" sərgisi ilə paralel keçiriləcək. Bu debüt tədbir iştirakçılarına öz məhsul və xidmətlərini - idman geyimlərini, idman və aktiv istirahət aksesuarlarını, eləcə də idman avadanlıqları və ləvazimatlarını təqdim etmək üçün gözəl imkan verir. Beləliklə, bir sərgi meydançasında eyni zamanda həm gənclər, həm də idman təşkilatlarının nailiyyətləri təqdim olunacaq.

Gənclər təşkilatlarının IV Respublika sərgisində iştirakı - özlərini təqdim etmək, nailiyyət və imkanlarını nümayiş etdirmək, təcrübə mübadiləsi aparmaq və ictimai əlaqələri genişləndirmək üçün gözəl imkandır. Həmçinin, burada fəaliyyətin gələcək inkişafı üçün kommersiya strukturları və iri şirkətlərin timsalında dəstək tapmaq ehtimalı mövcuddur. Sərginin ziyarətçiləri isə öz şəxsi maraqları çərçivəsində müasir gənclərin həyatında yer alan yeni layihə və istiqamətlər haqqında məlumat toplaya biləcəklər.

Sərginin təşkilatçıları ümid edirlər ki, bu tədbir yeni əlaqələrin qurulması və genişləndirilməsi üçün əlverişli şəraiti təmin edəcək və Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının gələcək inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti