...

Bakıda "BakuTel 2013" telekommunikasiya və informasiya texnologiyaları sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2013 16:35 (UTC +04:00)
Dekabrın 2-5-də Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - "BakuTel 2013" sərgisi keçiriləcək.
Bakıda "BakuTel 2013" telekommunikasiya və informasiya texnologiyaları sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Dekabrın 2-5-də Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - "BakuTel 2013" sərgisi keçiriləcək.

"Iteca Caspian"dan Trend-ə verilən məlumat görə, sərgi keçirildiyi illər ərzində yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlərin nümayişi üçün mühüm meydançaya çevrilib. "BakuTel" sərgisinin inkişafı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin uzun illər dəstəyi sayəsindədir. Sərginin yüksək nüfuzu beynəlxalq və sahəvi qurumların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Regional Rabitə Birliyinin (RRB) nümayəndələrinin mütəmadi iştirakı, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı ilə təsdiq olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. "BakuTel 2013" sərgisinin bütün ekspozisiyasında bu məqam xüsusi olaraq nəzərə çarpır. Sərgi çərçivəsində çoxsaylı işgüzar görüşlər, müxtəlif toplantılar, habelə sərgi ziyarətçiləri üçün çoxsaylı maraqlı tədbirlər planlaşdırılıb və bu tədbirlərdə yüksəkvəzifəli qonaqlar iştirak edəcəklər.

Sahənin artmaqda olan potensialının göstəricilərindən biri sərgi meydançasının bu il 35% genişləndirilərək yerli iştirakçılarla yanaşı dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirməsidir. Bu əlamətdar ildə "BakuTel" sərgisi ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin ümumilikdə 12 min kvadratmetr olan üç zalı və foyesini əhatə edir. Foyedə yerləşəcək Azərbaycanın milli pavilyonunda son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi işlər haqqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunacaq. Burada İKT sahəsini əks etdirən layihələrin nümayişi ilə yanaşı, ilk dəfə olaraq Bakıdakı sərgidə öz stendi ilə iştirak edən Birləşmiş Millətlər Təşkilatının (BMT) pavilyonu da yerləşəcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə təşkil olunmuş milli pavilyonların sərgidə fəal iştirakı artıq "BakuTel" sərgisinin ənənəsinə çevrilir. Bu il 15 ölkə milli pavilyonları ilə (Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və b.) sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirəcəklər. Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edəcəklər.

Həmçinin, aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və distribüterlər da sərgidə fəal təmsil olunacaq. Sərgi eksponentlərinin 40%-i daimi iştirakçılardır. Sərginin keçirildiyi müddət ərzində yerli şirkətlərin hər il artması və bu il bütün iştirakçıların 30%-ni təşkil etməsi həm sevindirici hal, həm də əsas nailiyyətdir.

Dörd gün ərzində sərgi ekspozisiyası telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları seqmentlərini əhatə edəcək. Sərgidə Azərbaycanın birbaşa iştirak etdiyi İKT sahəsində çoxsaylı beynəlxalq və yerli layihələr öz əksini tapacaq. Bu cür layihələrə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Avropa-İran Sürətli Magistralının (EPEC) çəkilməsi, Azərbaycanda Yüksək Texnologiyalar Parkının yaradılması və peyk layihələrini misal göstərmək olar. Əvvəllər olduğu kimi, sərgidə kosmik sənaye, yerüstü peyk idarəetmə mərkəzinin fəaliyyətinin yaradılması və kadrların hazırlanması sahələrinə xüsusi diqqət yetirir. Belə ki, "Azərkosmos" şirkətinin stendində milli telekommunikasiya peykinin fəaliyyətinin gələcək illərdəki planları əks olunacaq. Sərgidə əhaliyə göstərilən dövlət xidmətlərinin təqdim olunması üçün yaradılmış "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti də nümayiş olunacaq.

"BakuTel" sərgisinin ənənələrindən biri də Azərbaycanda və regionda İKT sahəsinin ən böyük tədbiri çərçivəsində gənc mütəxəssislər üçün öz ideyaları, habelə yaratdıqları proqram məhsulları və xidmətləri açmaq imkanının yaradılmasıdır. Bununla əlaqədar olaraq, onlar sərgidə təşkilatçıların və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə stendlərdə "start-up"larla təmsil olunacaqlar. Bu il 11 gənc mütəxəssis öz yeni həllərini nümayiş etdirəcək.

Builki sərginin fərqləndirici cəhəti "BakuTel" sərgisinin keçirildiyi müddətdə bütün İKT mütəxəssislərini bir araya gətirəcək zəngin işgüzar proqram olacaq. Proqrama internetin Azərbaycanda təkamülü və regional inkişafı mövzularında müxtəlif seminar və konfranslar, Azərbaycan-İsrail, Azərbaycan-ABŞ İKT forumları daxildir. İşgüzar proqramın əsas tərkib hissəsi isə beynəlxalq əməkdaşlığa həsr olunmuş tədbirlər - TASİM konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, BMT-nin Asiya və Sakit okean ölkələri üçün iqtisadi və sosial komissiyasının "SPECA" layihəsinin işçi qrupunun "Biliyə əsaslanan iqtisadiyyatın inkişafı" mövzusunda iclası, Azərbaycanda dövlət və özəl İKT sektorları arasında tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin yaradılması ilə əlaqədar tədbirlərdən ibarət olacaq. Dünyanın 20-dən çox ölkəsindən 50-dən artıq nümayəndə heyətini bir araya gətirəcək "Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq: problemlər və perspektivlər" mövzusunda konfrans Azərbaycan üçün mühüm tədbirə çevriləcək. Dekabrın 2-ə Dünya Azərbaycanlılarının I Onlayn Konfransı, 2-4 dekabr tarixində isə irəliləyişin hərəkətedici qüvvəsi kimi I Regional İnternet İdarəçilik Forumu keçiriləcək.

"BakuTel" sərgisi zamanı əlamətdar hadisələrdən biri də Azərbaycanın İKT sektorunda fəaliyyət göstərən şirkətlərdən birinin ölkədə ilk dəfə olaraq səhmlərini ilkin kütləvi təklif (IPO) yolu ilə Bakı Fond Birjasında satışa çıxarması planının açıqlanmasıdır.

"İKT ili" ilə əlaqədar olaraq, "BakuTel" sərgisinin daha parlaq və zəngin olacağı gözlənilir. Belə ki, təşkilatçılar "B2B" formatında keçirilən işgüzar atmosferi rəngarəng müsabiqələr, lotereyalar, mükafatlar və virtual yarışlarla daha da zənginləşdirəcək əlavə tədbirlər planlaşdırıblar. Birinci gün ziyarətçilər köhnəlmiş İKT detallarından istifadə edilməklə hazırlanan geyimlər şousunu izləyəcəklər. Üçüncü pavilyonda yerləşdirilmiş oyun zonasında hər bir şəxs lazer simlərdə və X-boks oyunlarında iştirak edə biləcək. Sərginin ziyarətçilərini isə öz şou proqramı ilə MDB ölkələrində ilk dəfə Azərbaycan sərgisində olan dünyaca məşhur "Titan" robotu qarşılayacaq. "Titan" Hyu Cekmanla (Hugh Jackman) birlikdə çox məşhur "Canlı polad" ("Real Steel") döyüş filminin epizodik obrazı olaraq hamı tərəfindən sevilib. Bu robot iri şirkətlərin, məşhur brend və markaların təqdimatlarında, eləcə də Qran-pri Formula 1 yarışında iştirak edib. "Titan" robotu dünya miqyaslı superulduz Rihannanın konsert turnesini də uğurla müşayiət edib. Robot və onun çıxışının vaxtı barədə ətraflı məlumatı sərginin http://bakutel.iteca.az/2013/ veb-saytından əldə etmək olar. Üçüncü zalda yerləşən istirahət zonasında dincəlmək və öz təəssüratlarını bölüşmək mümkündür. Beləliklə, əlavə tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi ilə xüsusi təntənə və bayram əhval-ruhiyyəsi yaradacaq.

"İKT ili" ilə əlaqədar olaraq, eyni əhval-ruhiyyə "BakuTel 2013: Daily News" qəzetinin xüsusi buraxılışlarında da öz əksini tapacaq. Qəzet hər gün sərginin işini, işgüzar proqramın tədbirlərini işıqlandıracaq, İKT sahəsinin əsas simalarının məqalələrini, iştirakçılarla müsahibələri dərc edəcək, habelə Bakı Ekspo Mərkəzində sərgi iştirakçıları və ziyarətçilər arasında paylanacaq.

Beləliklə, Azərbaycanda "İKT ili"ndə keçiriləcək təntənəli "BakuTel" sərgisi telekommunikasiya sahəsində uzunmüddətli və səmərəli fəaliyyət üzrə bütün sahə mütəxəssislərinin görüşü üçün əsas və olduqca effektiv biznes meydançası statusunu bir daha təsdiq edəcək. Bu il sərginin baş sponsoru "HP" şirkətidir. "Iteca Caspian" şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir. Sərginin rəsmi hotelləri "Jumeirah Bilgah Beach Hotel" və "Qafqaz Point Hotel", rəsmi turoperatoru isə "Greenwich Travel Club" şirkətidir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun tərəfdaşı Britaniyanın "ITE Group plc" şirkəti çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti