...

İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2014 16:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2014-cü ilin I rübündə qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti proqram xarakterli çıxışında əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirib və hər bir sahə üzrə konkret tapşırıqlar verib. Belə ki, Nazirlər Kabinetinin iclasında dövlət başçısı aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının davam etdirilməsi, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramının tam icrası, xarici borcun ÜDM-də payının birrəqəmli səviyyədə saxlanılması, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurlu icrası və 2018-ci ilə qədər regionlarda əsas sosial infrastruktur və iqtisadi məsələlərin həlli, Bakı və onun qəsəbələrində infrastruktur layihələrinin icrası, qazlaşdırmanın başa çatdırılması, elektrik enerjisi ilə təminatın daha da yaxşılaşdırılması, içməli su, kanalizasiya, magistral və kənd yollarının inşası, məktəblərin, səhiyyə obyektlərinin tikilməsi, yeni iş yerlərinin açılması, yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsinin bu il tamamlanması, Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi, "Şahdəniz-2", TANAP və TAP layihələrinin icrası, sahibkarlığın inkişafı, kənd təsərrüfatının, emal sənayesinin inkişafında güzəştli kreditlərdən daha səmərəli istifadə olunması, sosial proqramların icrası, orta aylıq əməkhaqqı və pensiyaların artırılması, xarici investisiyaların ölkənin inkişafı üçün prioritet sahələrə cəlb edilməsi, Avropa Oyunlarına hazırlıq işlərinin davam etdirilməsi və s. mühüm tapşırıqlar müəyyənləşdirib.

2014-cü ilin "Sənaye ili" elan edilməsinin ölkəmizdə sənayeləşməyə dövlət başçısı tərəfindən verilən böyük əhəmiyyətin göstəricisi olduğunu vurğulayan Ş.Mustafayev Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən sənayenin inkişafına xüsusi diqqət göstərilməsi, hər bir rayonda sənaye məhəllələrinin, xüsusilə Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə sənaye zonalarının təşkili istiqamətində tapşırıqlar verildiyini qeyd edib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, qarşıdakı dövrdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri olaraq qalacaq. Bu sahədə aparılan islahatların dərinləşdirilməsi, məhsuldarlığın artırılması, kənd təsərrüfatının texniki təminatının daha da yaxşılaşdırılması və digər tədbirlər nəticəsində daha böyük ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafının müsbət demoqrafik dinamika ilə uzlaşdırılması barədə konkret tapşırıqlar verilmişdir. Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, istehsalı mümkün olan bütün məhsulların Azərbaycanda istehsal edilməsini və idxaldan asılılığın azaldılmasını da vəzifə olaraq müəyyənləşdirib.

Nazirlər Kabinetinin iclasında ekoloji məsələlər də dövlət başçısının diqqətində olub, ətraf mühitin qorunması, ağacların kəsilməsi ilə bağlı daha ciddi məsuliyyət tədbirlərinin görülməsi, ərazilərin yaşıllaşdırılması, eləcə də Bakıda mövcud olan göllərin, o cümlədən Böyükşor gölünün təmizlənməsi və gölün ətrafında bulvarın yaradılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar vermişdir. Belə ki, müşavirədə dövlət investisiyalarının səmərəli istifadəsinə və infrastruktur layihələrinin icrasına nəzarətin gücləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin keçirilməsinin vacibliyi vurğulanıb, 2014-cü ildə sahibkarlığın dəstəklənməsi tədbirlərinin daha da gücləndirilməsi, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, maarifləndirmə, biznes forumların, işgüzar görüşlərin və s. tədbirlərin davam etdirilməsi, regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası barədə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsinə dair Tədbirlər Planının təsdiq edildiyini vurğulayan nazir Ş.Mustafayev sənəddə nəzərdə tutulan tədbirlərin də keyfiyyətli icrasına dair göstəriş verib.

Müşavirədə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinin, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasının mühüm vəzifə kimi qarşıya qoyulduğu və bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb, qeyri-neft ixrac potensialının gücləndirilməsi, yeni ixrac bazarlarına çıxış imkanlarının araşdırılması, ixrac məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması, iri taxılçılıq təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, logistik mərkəzlərin yaradılması işlərinin sürətləndirilməsi barədə nazirliyin müvafiq struktur bölmələri qarşısında vəzifələr müəyyənləşdirilib.

Nazirliyin müşavirəsində ekoloji tədbirlərin davam etdirilməsi, göllərin, xüsusilə Böyükşor gölünün təmizlənməsi sahəsində işlərin sürətləndirilməsi və 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına qədər layihənin birinci mərhələsinin tam başa çatdırılmasının, bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti