Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun inşaat sənayesi üzrə irimiqyaslı tədbiri - 20-ci yubiley Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild-2014) sərgisi keçiriləcək.
Sərginin Təşkilat komitəsindən Trend-ə verilən məlumata görə, "BakuBuild" sərgisi keçirildiyi 20 il ərzində tikinti bazarında yerli və xarici istehsalçılar üçün oriyentir olmaqla yanaşı, sənayenin bir çox çağdaş liderləri üçün başlanğıc nöqtəsinə çevrilib. Müqavilələrin imzalandığı və tikinti xidmətləri bazarında təmayüllərin formalaşdığı səmərəli iş meydançası statusunu qazanan bu sərgi 20 il ərzində dünyanın 35 ölkəsindən 3200-dən artıq iştirakçı şirkəti və yüz mindən çox ziyarətçini qəbul edib.
Bu il sərgi öz yubileyini rekord göstəricilərlə qarşılayır. Belə ki, "BakuBuild", "Aqua-Therm Baku" və CIPS kimi sərgiləri özündə birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın 29 ölkəsindən 500-dən artıq şirkəti təqdim edəcək.
Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarında, lobbidə, o cümlədən açıq meydançada yerləşəcək. Sərgidə Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, Portuqaliya və BƏƏ milli qrupları iştirak edəcək. Ənənəvi olaraq, Türkiyə istehsalçıları (41 şirkət) sərgidə böyük heyətlə çıxış edəcəklər.
Sevindirici haldır ki, eksponentlərin təxminən 40%-ni yerli şirkətlər təşkil edir və bu şirkətlər arasında həm daimi iştirakçılar, həm də debütantlar var.
Sərginin baş sponsoru qismində "Corella" markası, qızıl sponsoru qismində isə "AZPOL" markası çıxış edir. Hər iki brend "BakuBuild" sərgisinin daimi iştirakçısı - "NB Group" şirkətlər qrupuna məxsusdur.
"Holcim Azerbaijan" şirkəti sərginin qeydiyyat üzrə sponsorudur. Həmçinin, Qazax Sement Zavodu sərginin sponsorları arasında yer alır.