...

PAŞA Bank-ın "İnternet Bank" sisteminə mobil elektron imza texnologiyası inteqrasiya edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2014 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

8 sentyabr 2014-cü il tarixindən etibarən PAŞA Bank-ın https://ib.pashabank.az ünvanında yerləşən "İnternet Bank" sistemində artıq "Asan İmza" mobil elektron imzanın istifadəsi mümkündür. Bu barədə Trend-ə bazar ertəsi bankdan məlumat verilib.

PAŞA Bank özünün "İnternet Bank" sistemi vasitəsilə müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri təklif edir. Belə ki, bankın müştəriləri sistem üzərindən yerli və beynəlxalq ödənişlər və valyuta konvertasiyası, bankın nümayəndəsi ilə özəl ismarıc sistemi üzərindən məlumat mübadiləsi, hesabdakı qalıqlara və valyuta məzənnəsinə dair məlumatların əldə edilməsi, aparılmış tranzaksiyaların arxivləşdirilməsi və s. əməliyyatları həyata keçirə bilərlər.

PAŞA Bank-ın Dayrekt-bankinq departamentinin direktoru Leyla Məmmədova bildirb ki, tezliklə rəqəmli imzanın istifadəsi ölkənin bank sektoru üçün məcburi olacaq: "Biz zamanla ayaqlaşmağa, ən yeni texnologiyaları tətbiq etməyə çalışırıq və rəqəmsal imzanın bankın müştərilərini əməliyyatların aparılmasında daha böyük rahatlıq və təhlükəsizliklə təmin edəcəyinə əminik".

PAŞA Bank-ın Bank sistemlərinin inkişafı departamentinin direktoru Fuad Aslanov isə qeyd edib ki, son zamanlara qədər bankın müştərilərinin eyniləşdirilməsinin texnoloji imkanları və ölkənin qanunvericiliyi arasında uyğunsuzluqlar mövcud idi: "Asan İmza kimi xidmətin yaranması isə bankın müştərilərinə təhlükəsizliyə xələl gətirmədən, banka gəlmədən bank xidmətlərindən istifadə etmək, o cümlədən müqavilələri imzalamaq imkanı verir. Beləliklə, bank bazarında texnoloji cəhətdən avanqardda olan PAŞA Bank gələcəkdə də öz müştərilərini bu növ müasir həllərin tətbiqi ilə sevindirəcək".

"Asan İmza" texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bunlardan ən başlıcası "Asan İmza"nın Azərbaycan Respublikasının qanunvericiliyi nöqteyi-nəzərindən yeganə qanuni mobil elektron imza həlli olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığını, yüksək etibarlılığını və təhlükəsizliyini təmin etməsidir. "Asan İmza" mobil elektron imza istifadəçiləri digər analoji həllərin istifadəçilərindən fərqli olaraq elektron xidmətlərdən istifadə zamanı daha çevik və geniş səlahiyyətlərə sahibdirlər. Bu texnologiyanın təqdim etdiyi üstünlüklər onlayn bankçılıq (internet/mobil bankçılıq) sistemlərində xüsusilə tələb olunur, çünki bu tipli sistemlərdə aparılan əməliyyatların spesifikasiyası istifadəçinin şəxsiyyətinin son dərəcə etibarlı və təhlükəsiz identifikasiyasını vacib edir.

Hazırda "Asan İmza" mobil elektron imza istifadəçilərinə Elektron Hökumət Portalında (www.e-gov.az) 350-dən artıq elektron xidmət, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) 50-dən artıq elektron xidmət, Bankım.az internet portalında və Hesab.az onlayn ödəniş saytında, eləcə də digər elektron xidmət portallarında çoxsaylı xidmətlər açıq. Onu da qeyd etmək lazımdır ki, Vergilər Nazirliyi tərəfindən təqdim olunan fiziki şəxslərin "Asan İmza" vasitəsilə cəmi 5 dəqiqə ərzində fərdi sahibkar kimi onlayn qeydiyyatı imkanı istifadəçilər arasında xüsusi populyarlıq qazanıb.

"Asan İmza" mobil elektron imza - mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. "Asan İmza" texnologiyasını önə çıxaran başlıca cəhət smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az

"Asan İmza" mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yaradılmış və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində akkreditasiyadan keçmiş ASXM dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətləri göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 filial ilə təmsil olunan PAŞA Bank-da 307 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

PAŞA Bank Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm, eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti