...

Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi sərgiləri coğrafiyalarını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2015 17:07 (UTC +04:00)
Azərbaycanda keçirilən beynəlxalq “Kənd təsərrüfatı” və “Qida sənayesi” sərgiləri hər il öz coğrafiyasını genişləndirir.
Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi sərgiləri coğrafiyalarını genişləndirir

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda keçirilən beynəlxalq "Kənd təsərrüfatı" və "Qida sənayesi" sərgiləri hər il öz coğrafiyasını genişləndirir.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev XXI Azərbaycan Beynəlxalq "Qida sənayesi" sərgisi və IX Azərbaycan Beynəlxalq "Kənd təsərüfatı" sərgisinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu sərgilər ildən-ilə daha çox şirkətin marağına səbəb olur: "Bu il "Kənd təsərrüfatı" və "Qida sənayesi" sərgilərində 39 ölkədən ümumilikdə 293 şirkət iştirak edəcək. Onlardan 83-ü Azərbaycan şirkətidir. Müqayisə üçün deyək ki, ötən il sərgidə 36 ölkədən 251 şirkət iştirak etmişdi. Sərgidə, həmçinin Argentina, Avstraliya, Belarus, Gürcüstan, Litva və Polşa kimi ölkələrin milli stendi olacaq. İki ölkə - İordaniya və Əlcazair sərgidə ilk dəfə iştirak edəcək".

İ.Quliyev qeyd edib ki, ötən illə müqayisədə sərgi meydançalarının sahəsi 37 faiz artmaqla 10 350 kvadratmetr təşkil edib: "Sərgidə yeni irriqasiya, kənd təsərrüfatı, yem istehsalı üçün nəzərdə tutulmuş sistemlər, habelə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən idxal edilən cins qaramal nümayiş etdiriləcək".

Azərbaycanın ənənəvi beynəlxalq "Kənd təsərrüfatı" və "Qida sənayesi" sərgiləri 21-23 mayda Bakıda keçiriləcək. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən sərgilərin təşkilatçıları "Iteca Caspian" MMC və onun Böyük Britaniyadan olan tərəfdaşı "ITE Group Plc." şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti