Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:44-də yayımlanıb)
Azərbaycan, Bakı, 22 iyul /Trend/
Azərbaycan Beynəlxalq Bakının (ABB) problemli aktivlərinin satılmasının planlaşdırılması və bankın sonrakı özəlləşdirilməsi ("BB"/"Stabil"/b-" proqnoz) onun kredit qabiliyyətinə və reytinqinə mötədil müsbət təsir edə bilər.
Trend-in xəbərinə görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.
Agentliyin analitikləri aktivlərin satılması və özəlləşdirmə barədə əlavə məlumat aldıqdan sonra bankın reytinqlərinin təhlilini aparacaq.
Məlumatda deyilir: "Faktiki nəticələr ilk növbədə, problemli aktivlərin satış həcmindən, yəni bu prosesin yekununda bankın aktivlərinin keyfiyyətinin nə qədər yaxşılaşdırılmasından və kapitallaşmasından, özəlləşdirmədən sonra dövlət, yeni səhmdar (səhmdarlar) və bank arasında münasibətlərdən, onun mümkün dövlət dəstəyinə necə təsir edə biləcəyindən asılı olacaq".
Agentliyin analitikləri hesab edirlər ki, əgər ABB xalis balans dəyəri (və ya ona yaxın) üzrə qiymətdən düşmüş və yüksək riskli aktivlərin əsas hissəsini sata bilsə, bu, bankın davamlılıq reytinqinin (hazırda bu reytinq "b-" səviyyəsindədir) artmasına gətirib çıxara bilər: "Hazırda davamlılıq reytinqi ilk növbədə bankın zəif kapitallaşmasını və aktivlərin keyfiyyətini əks etdirir. Eyni zamanda satılacaq konkret aktivlər, onların həcmi və sövdələşmə qiymətləri üzrə qeyri-müəyyənlik qalır".