...

Qətər Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2016 16:45 (UTC +04:00)
Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər Dövlətinin İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin müdiri Şeyx Abdul Əziz Bin Ali Al Taninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qətər Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərir

Bakı. Trend:

Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər Dövlətinin İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin müdiri Şeyx Abdul Əziz Bin Ali Al Taninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi Azərbaycanın investisiya mühiti ilə tanışlıq, ikitərəfli iqtisadi münasibətlərin və investisiya layihələrinin müzakirəsi olub.

Qonaqları salamlayan H.Əsədov iki ölkə arasında siyasi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi əlaqələrin, xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Nazir son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verdi və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu qeyd edib.

H.Əsədov bildirib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz digər ölkələrdə istehsal olunan məhsullarla müqayisədə keyfiyyətinə görə seçilir. Nazir ölkəmizin 11 iqlim qurşağından 9-nun mövcud olduğu coğrafi məkanda yerləşdiyini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan da keyfiyyətli olduğunu qonaqların diqqətinə çatdırıb. O, meyvəçilik və tərəvəzçilik sahəsində ən müasir standartlara cavab verən istehsal və emal müəssisələrinin olduğunu, eyni zamanda Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının bütün vergilərdən azad olunduğunu, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planının həyata keçirildiyini və son aylarda tərəvəz məhsullarının ixracının bir neçə dəfə artdığını nəzərə çatdırıb.

Nazir Qətərin iş adamlarını Azərbaycana dəvət edib və bu əlaqələrin genişlənməsi üçün nazirlik tərəfindən inverstorlara lazımi dəstək veriləcəyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Şeyx Abdul Əziz Bin Ali Al Tani Qətərin Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrə, xüsusilə heyvandarlıq, südçülük, tərəvəzçilik, ərzaq məhsullarının istehsalı sahələrinə investisiya qoyuluşunda və Azərbaycanda kənd təsərrüfatı sahəsində layihə həyata keçirməkdə maraqlı olduğunu qeyd edib.

Qonaq ölkəsinin Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoymaqla keyfiyyətli məhsul əldə etmək və bu məhsulları Qətərə ixrac etməyə maraq göstərdiyini diqqətə çatdırıb.

Görüşdə tərəflər arasında maraq doğuran digər məsələlərə də toxunulub və fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti