...

Azərbaycanın strateji valyuta ehtiyatları təqribən 70 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Milli Bankın elan olunmuş tədiyyə balansına əsasən, Azərbaycanın xarici strateji valyuta ehtiyatları 69.9% artaraq 2007-ci il 01 yanvar tarixinə 4369.0 mln. $ həcmində olub. Bu barədə məlumatı AMB-dən veriblər. Bunun da 1454.5 mln. dolları Dövlət Neft Fondu aktivlərinin, 414.2 mln. dolları hökumət depozitlərinin, 2500.3 mln. dolları isə Milli Bankın məcmu beynəlxalq aktivlərinin payına düşür. Milli Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları 1967.3 mln. dollardır ki, bu da neft-qaz sektoru istisna olmaqla malların və xidmətlərin 4.9 aylıq idxalını maliyyələşdirməyə imkan verir. Bu isə dünya təcrübəsində qəbul olunmuş beynəlxalq kifayətlilik meyarından da yüksəkdir.

Tədiyyə balansına görə, gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.2 mlrd. $-ı ötüb ki, bunun da 91.4%-ni (3.0 mlrd. $) respublikadan ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (2374.5 mln. $) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (124.9 mln. $) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (neft-qaz sektoru da daxil olmaqla 211.4 mln. $) təşkil edir. Ölkəyə daxil olan gəlirlər 2005-ci ildə 201.8 mln. dollar olduğu halda, 2006-cı il ərzində bu göstərici 38.8% artaraq 280.0 mln. dollara bərabər olub. Bunun da 63.3 mln. dollarını Dövlət Neft Fondunun vəsaitlərinə, 74.4 mln. dollarını Milli Bankın sərəncamında olan xarici valyuta ehtiyatlarına və 13.2 mln. dollarını isə 2-ci pillə bankların xaricdə yerləşdirilmiş aktivlərinə hesablanmış faizlər üzrə gəlirlər təşkil edir. Hesabat dövründə iqtisadiyyatımızda istifadə olunmuş xarici sərmayələrin ümumi həcminin 24.7%-ni birbaşa dövlət və dövlət təminatlı kreditlər, özəl sektora cəlb olunan kredit və ssudalar, depozitlər və s. kapital axınları təşkil edir. 2006-cı il ərzində tədiyə balansında əks etdirilmiş bu göstəricilərin ümumi məbləği 1245.1 mln. $ bərabər olub. Həmin məbləğin 28.2%-i (351.3 mln. $) birbaşa dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlərdir. Bunun da 18.8 mln. $-ı Dünya Bankından daxil olmuş, 332.5 mln. $ isə əsas etibarı ilə "Azərenerji" Səhmdar Cəmiyyəti, "Azərbaycan Hava Yolları" Dövlət Konserni, Bakı-Rusiya avtomobil yolunun yenidən qurulması, Azərbaycanın İpək yolunun və irriqasiya-drenaj sisteminin bərpası üzrə investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı beynəlxalq maliyyə və digər təşkilatlar tərəfindən ayrılmış kreditlərin istifadə olunmuş hissəsidir. 632.2 mln. $ vəsait isə dövlət təminatı olmayan kreditlərdir. Bunun da 274.7 mln. $-ı beynəlxalq neft-qaz kontraktları çərçivəsində görülən işləri maliyyələşdirmək üçün ssuda şəklində beynəlxalq maliyyə təşkilatlarından cəlb edilən vəsaitdir. 357.5 mln. $ isə əsas etibarilə banklar, birgə müəssisələr və firmalar tərəfindən cəlb olunmuş kreditlərdir. Bu da öz növbəsində əvvəlki ilin göstəricisindən 2.8 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti