...

Rusiyanın "Cənub axını"ndan imtinası Azərbaycan üçün nə ilə başa çata bilər?

Energetika Materials 2 Dekabr 2014 11:32 (UTC +04:00)
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin danışıqlarının yekunu olaraq RF lideri gələcəkdə Azərbaycanın iri layihələrindən biri olan və Xəzər qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinə əhəmiyyətli rol ayıracaq bəyanat verdi.
Rusiyanın "Cənub axını"ndan imtinası Azərbaycan üçün nə ilə başa çata bilər?

Rus xəbərlər xidmətinin rəhbəri

Seymur Əliyev - Trend:

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin danışıqlarının yekunu olaraq RF lideri gələcəkdə Azərbaycanın iri layihələrindən biri olan və Xəzər qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinə əhəmiyyətli rol ayıracaq bəyanat verdi.

Prezident Putin Rusiyanın artıq 4,5 milyard dollardan artıq vəsait qoyduğu "Cənub axını" layihəsinin dayandırıldığını bəyan etdi. Bu bəyanat Avropanın Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların faktiki olaraq ilk birbaşa təsdiqidir.

Bu layihədən imtina Azərbaycan qazının ixracı üçün hansı rolu oynaya bilər? Məhz Rusiyanın layihəsinin hesablandığı Cənubi Avropa bazarında rəqabətin olmaması səbəbindən Azərbaycandan tədarüklərin əhəmiyyəti xeyli artacaq. Məsələn, Yunanıstanın DESFA qaz nəqliyyatı operatorunun özəlləşdirilməsinin əlavə yoxlanması kimi qarşıya müxtəlif şərtlər qoyan Avropanın daha üzüyola olması lazım gələcək. Yəni, hələlik Azərbaycan Cənubi Avropaya yeganə alternativ qaz tədarükçüsüdür.

Ancaq Moskvanın məşğul olmaq istədiyi, Avropaya ixracın yenidən Türkiyəyə yönəldilməsi Azərbaycanın fəal işlədiyi Türkiyə energetika bazarında Rusiyanın təsirini əhəmiyyətli dərəcədə artıracaq. İstisna deyil ki, Rusiya qaz nəqlinin əhəmiyyətli dərəcədə artmasından sonra müvafiq infrastrukturun alınması layihəsini gözdən keçirəcək. Həm də bu həmin məsələdə imkanları xeyli məhdudlaşan Moskvanın investisiyalarının uğurlu istiqaməti ola bilər. Вununla yanaşı, bu, Azərbaycandan qaz ixracı üçün heç bir təhlükə yaratmır. Çünki tədarük olunacaq və planlaşdırılacaq həcmlər üzrə artıq müqavilələr bağlanıb. Bu baxımdan, Türkiyənin qaz tədarükündə "al və ya ödə" şərtinin ləğv edilməsi barədə təklifi ilə razılaşmazdan əvvəl yaxşı düşünməyə dəyər.

Lakin bu arada daha bir mühüm məqamı diqqətdə saxlamaq lazım gəlir. "Qazprom" şirkətinin rəhbəri Aleksey Millerin bəyan etdiyi kimi, Rusiya və Türkiyə 63 milyard kubmetr gücündə qaz kəmərini tikmək barədə razılığa gəliblər. Bu qazın 14 milyard kubmetrini Ankara alacaq, yerdə qalan həcm isə Türkiyə və Yunanıstan sərhədinə çatdırılacaq.

Bu qazı Avropaya kim çatdıracaq? Əgər Ankara Türkiyədən tranzitlə Aİ-yə qaz tədarük etmək niyyətində olsaydı, bununla bağlı bəyanat verilərdi. Beləliklə, Ankaranın artıq uzun illər ərzində arzuladığına, yəni Avropaya qazın təkrar ixracına nail olduğunu istisna etmək olmaz. Və əgər Türkiyə Cənub Qaz Dəhlizi üçün yalnız tranzit ölkə qismində çıxış edəcəkdisə, indi Rusiyanın düşdüyü mürəkkəb vəziyyət Türkiyənin qarşısına qoyduğu hədəflərə nail olmağa imkan verəcək. Xüsusən də Türkiyənin BOTAŞ boru kəməri şirkəti Azərbaycan qazının kiçik həcmlərinin Yunanıstana ixracı kimi, artıq təkrar ixrac təcrübəsinə də malikdir.

Bu və ya başqa şəkildə, 50 milyard kubmetrə yaxın qeyri-Azərbaycan qazı Türkiyə sərhədinə və Avropaya çatdırılacaq. Həm də məhz Trans Adriatik qaz kəmərinin (Yunanıstanla sərhəddə) öz başlanğıcını götürdüyü yerdə. Bununla yanaşı, hətta bu qaz kəmərinin maksimal gücü Rusiyanın Türkiyəyə çatdırmaq niyyətində olduğu qazın yarısını nəql etməyə qadir deyil. Əgər bu layihə həqiqətən həyata keçirilərsə, o, gələcəkdə Cənubi Avropada yeni qaz kəmərləri üçün ilkin şərt ola bilər.

Əlbəttə ki, Türkiyə bunların hamısını çox yaxşı bilir. Həmçinin, Ankaranın enerji hesabına, eləcə də Avropaya qaz ixracı marşrutlarının birləşmə mərkəzinə çevrilməklə bağlı çoxdankı istəyi də yaxşı məlumdur. Axı son illərin hadisələri göstərir ki, siyasəti boru üzərində oturan və ventili əllərində saxlayan aparır.

Və mövzu üzrə ritorik sual kimi soruşmaq istərdim ki, Rusiya çəkilişi Trans Xəzər qaz kəmərindən daha təhlükəli ola biləcək sualtı boru kəmərinin tikintisinə başqa Qara dəniz ətrafı ölkələrdən icazə almalı olacaqmı?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti