Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir H.Vəliyev/
"Google" Azərbaycanda özünün regional ofisinin açılması məsələsini nəzərdən keçirəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Google" şirkətinin vitse-prezidenti Vinton Serf Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, şirkətin fəallığın olduğu bütün bazarlarda iştirak istəyini nəzərə alsaq, Azərbaycanın potensialı şirkətin rəhbərliyinə çatdırılacaq.
İstifadəçilər haqqında məlumatların məxfiliyinin qorunmasının təmin edilməsi və hüquq-mühafizə orqanlarına bu məlumatlara çıxış imkanı verilməsi ilə bağlı sualı cavablandıran Serf qeyd edib ki, bu cür məlumatlara çıxış yalnız məhkəmə instansiyalarının qərarı ilə təqdim edilə bilər.
"Hətta belə şəraitdə korporasiyanın imtina etdiyi hallar olub ki, bu da ciddi səbəblərlə əsaslandırılıb. Mənim prinsipial mövqeyim belədir ki, məlumat yalnız məhkəmənin qərarı ilə verilə bilər", - Serf bildirib.
Əqli mülkiyyət hüququnun müdafiəsinin təmin edilməsi məsələsinə toxunan vitse-prezident bildirib ki, hazırda internet şəbəkəsində rəqəmsal informasiyanın surətinin çıxarılması və yayılması məsələsi çox vacibdir.
"Biz Bakıda keçirilən İnternet İdarəçilik Forumunda bu mövzu ilə əlaqədar uzun diskussiyalar aparmışıq. Biz əqli mülkiyyət sahiblərinin hüquqlarının nə demək olduğunu və bu barədə danışarkən nəyi nəzərdə tutduğumuzu başa düşməliyik. Məhsulun özünün surətinin çıxarılması ciddi problem deyil. Ondan daha sonra necə istifadə olunacağı əhəmiyyətlidir, yəni onun yayılmasıdır ki, bu da əqli mülkiyyət hüququnun fundamental pozulması anlamına gəlir", - o deyib.
Serf Bakıya ilk səfəri çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla danışıqlar aparıb. Görüş çərçivəsində elmi və sektorun gələcək inkişafı üçün İT sahəsində mütəxəssislərin hazırlanması məsələlərinə toxunulub.
"Biz İT-nin respublika ÜDM-nin yüksəldilməsində vacib rol oynadığı və bundan sonra da oynacağı fikrində nazirlə həmrəyik", - Serf qeyd edib.