Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir H.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda yerləşən ICANN - internet şəbəkəsində domen adlarının verilməsi üzrə Beynəlxalq təşkilatın baş DNS serverində region ölkələrinin internet ünvanlarının yerləşdirilməsi üçün həmin dövlətlərlə danışıqlara başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda ICANN-ın baş DNS serverinin istismara verilməsi əlamətdar hadisədir. Layihənin texnoloji aspektlə yanaşı, hüquqi əsası var. Belə ki, ölkələrin internet ünvanları birbaşa həmin serverdən idarə edilir.
"Sistemin istismara verilməsi üçün lazım olan hər şey edilib və hazırda biz ICANN ilə birlikdə bir sıra ölkələrlə danışıqlar aparırıq. Məqsəd onların internet ünvanlarının mərkəzimizdə yerləşdirilməsidir. Yəni, ABŞ və ya Avropada qeydiyyata alınan region ölkələrinin internet ünvanlarını ICANN-ın baş serverinə yönləndirməkdir. Bu məsələdə əsas aspekt ölkələrin Azərbaycana və ICANN-ın tələblərinə etimad göstərməsindən ibarətdir", - Abbasov qeyd edib.