...

Azərbaycanda .az domeninin onlayn qeydiyyatı üçün resurs təqdim olunub

Telekommunikasiya Materials 30 Aprel 2013 17:22 (UTC +04:00)
"İntrans" şirkəti (.az domeninin millli qeydiyyatçısı) .az domeninin onlayn qeydiyyatı üçün nəzərdə tutulan Online.az resursunu təqdim edib.
Azərbaycanda .az domeninin onlayn qeydiyyatı üçün resurs təqdim olunub

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir H.Vəliyev/

"İntrans" şirkəti (.az domeninin millli qeydiyyatçısı) .az domeninin onlayn qeydiyyatı üçün nəzərdə tutulan Online.az resursunu təqdim edib. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən məlumat verilib.

Layihənin təşəbbüskarı kimi çıxış edən "İntrans" şirkəti tərəfindən hazırlanmış proqram təminatı məsafədən qeydiyyatdan keçməyə imkan verəcək.

Şirkətdən verilən məlumata görə, istifadəçilər domenin (az, biz.az, com.az, edu.az, info.az, int.az, mil.az, name.az, net.az və org.az) sifarişini və domenin dəyərinin ödənişini Online.az saytı vasitəsilə həyata keçirə biləcəklər.

Şirkətdən .az domeninin onlayn qeydiyyat sisteminin işə salınmasının dəqiq tarixini açıqlamasalar da, sistemin böyük ehtimalla bu ilin may ayında işə başlayacağını bildiriblər. Onlayn qeydiyyat sisteminin hazırlanması artıq son mərhələdədir.

Qeydiyyat üçün ödəniş sistemi kimi "Goldenpay" şirkəti seçilib.

Onlayn qeydiyyat sisteminin işə salınması bazara müsbət təsir göstərəcək, regionlarda yaşayanlar üçün rahatlıq yaradacaq, həmçinin Azərbaycan dilində kontent yaradanların sayının artmasına gətirib çıxaracaq.

Aprelin 30-na .az milli domen zonasında 17 548 internet-resurs (2088-i bu ilin əvvəlindən) qeydiyyata alınıb.

Qeydiyyata alınan saytların ümumi sayından 16 364 ədədi domendə birinci səviyyəli resursların payına düşür. İkinci səviyyəli daha populyar domen .com.az-dır. Orada 699 sayt qeydiyyata alınıb. Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Orada 172 internet saytı qeydiyyata alınıb.

Qeyd edək ki, .az milli domen zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti