Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir H.Vəliyev/
.az domeninin onlayn-qeydiyyat sisteminin sentyabrda istifadəyə verilməsi gözlənilir.
Trend-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) istinadən verdiyi məlumata görə, sistemin tətbiqi milli domenin 20 illiyinə həsr ediləcək.
Nazirlik tərəfindən "Azərbaycan Respublikasında ölkə kodlu yüksəksəviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları" layihəsi hazırlanıb.
Bundan başqa, RİTN iki layihəni - "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" və "Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında" qanun layihələrini hazırlayıb.
Layihələr "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı nazirlik üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi bölməsi üzrə müvafiq bəndlərin icrası məqsədilə hazırlanıb.