Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/
2015-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan bazarında "Google Chrome" internet brauzerinin payı 1,6 faiz artıb. Trend-in məlumatına görə, bu barədə "Global Stats" Statistik Mərkəzinin hesabatında deyilir.
Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda "Google Chrome"un istifadəçi auditoriyası 5,4 faiz artıb. "Google Chrome" brauzeri Azərbaycanda ən populyar brauzerdir və bazarın 55,5 faizinə sahibdir.
2015-cü ilin 10 ayı üzrə "Opera" brauzerinin payında 8,4 faiz azalma qeydə alınıb. Noyabrın 1-nə "Opera"nın payı 16,3 faiz təşkil edib ki, bu da 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 17,5 faiz çoxdur.
Mərkəzin məlumatına görə, yanvar-oktyabr ayları ərzində "Android" brauzerinin istifadəçilərinin sayı 6,4 faiz artıb. "Android" brauzerinin Azərbaycanda bazar payı 11,1 faiz təşkil edir. Ötən ilin analoji dövrü ilə müqayisədə bu brauzerin istifadəçi auditoriyası 8,6 faiz artıb.
Bazarın qalan hissəsi "Safari" (7,5 faiz), "Yandex" (2,41 faiz), "Mozilla Firefox" (1,99 faiz), "Internet Explorer" (1,8 faiz) və digərlər arasında bölüşüb.