...

Yeni Azərbaycan Partiyası siyasi sistemimizin sütunu, müstəqil Azərbaycan dövlətinin dayağıdır

Nəzər nöqtəsi Materials 11 İyun 2013 14:19 (UTC +04:00)
İyun ayının 7-də Azərbaycan ictimai-siyasi həyatında əlamətdar bir hadisə baş verdi. Bu, Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayının keçirilməsi idi. Yeni Azərbaycan Partiyası artıq 21 ildir ki, Azərbaycanın siyasi sistemində mövcud olmaqla sistemdaxili tarazlığı qoruyan əsas təsisatdır.
Yeni Azərbaycan Partiyası siyasi sistemimizin sütunu, müstəqil Azərbaycan dövlətinin dayağıdır

"Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, Hikmət Babaoğlu

İyun ayının 7-də Azərbaycan ictimai-siyasi həyatında əlamətdar bir hadisə baş verdi. Bu, Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayının keçirilməsi idi. Yeni Azərbaycan Partiyası artıq 21 ildir ki, Azərbaycanın siyasi sistemində mövcud olmaqla sistemdaxili tarazlığı qoruyan əsas təsisatdır. Bununla bərabər, YAP 21 illik fəaliyyətində həm də onu göstərdi ki, birləşdirici, qoruyucu, mühafizəedici, ictimai ahəngdarlığı və milli həmrəyliyi təmin etmək funksiyalarını yerinə yetirir. Bir siyasi təşkilat və eyni zamanda, bütövlükdə cəmiyyətimiz üçün dediyimiz məsələlər olduqca vacibdir. Ona görə də, Yeni Azərbaycan Partiyasının qəbul etdiyi növbəti qərar Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən, YAP-ın 600 minlik üzvü və bütövlükdə Azərbaycan xalqı tərəfindən maraqla gözlənilən qərar idi və bu baş tutdu.

Yeni Azərbaycan Partiyasının V Qurultayında əsas diqqət mərkəzində olan məsələ Prezident İlham Əliyevin yenidən partiyanın Sədri seçilməsi və 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi idi. Bu qərar həm aktuallığı, həm əhəmiyyəti, həm də miqyası ilə təkcə Azərbaycandaxili auditoriyanın deyil, Azərbaycandan xaricdə olan dostlarımızın da gözlədiyi tarixi qərar idi.

Qurultayın qərarları dostlarımızı sevindirdi, düşmənlərimizi məyus etdi

Hesab edirik ki, Yeni Azərbaycan Partiyasının qurultay nümayəndələrinin aldığı bu qərar məhz Azərbaycanın milli maraqlarının ifadə edilməsi, Azərbaycan dövlətinin gələcəyinin, milli maraqlarımızın təmin olunması ilə bağlı perspektivlərin müəyyənləşdirilməsi, Azərbaycan ictimai-siyasi həyatında ahəngdarlığın qorunması və sabitliyin təmin edilməsi baxımından olduqca əhəmiyyətli idi. Bu qərar dostlarımızı nə qədər sevindirdisə, əlbəttə ki, düşmənlərimizi bir o qədər məyus etdi.

YAP Sədrinin maraqlı təsbitləri

Qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyev YAP-ın 21 illik dövrünü xarakterizə edən çox maraqlı fikirlər bildirdi və bu çıxışda həm sosioloji, həm siyasi, həm də partiyadaxili struktur baxımdan olduqca maraqlı təsbitlər var idi. İlk növbədə, bu təsbitlər ondan ibarət idi ki, partiyamızın Sədri, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasını "Azərbaycanın siyasi sisteminin sütunu" adlandırdı. Bu doğrudan da belədir. Sözün həqiqi mənasında, bu gün YAP Azərbaycan siyasi sisteminin sütunu olmaqla, həm də müstəqil Azərbaycan dövlətçiliyinin dayağıdır.

Partiyanın yaranmasına dair məsələlərə toxunan cənab Prezident qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, Azərbaycanın müasir siyasi sisteminin yaranması idi: "Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi quplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd edirdilər. Ölkənin siyasi sistemi yox idi. Yeni Azərbaycan Partiyasının yaranması siyasi sistemin yaradılması idi".

Bu fikir ölkənin siyasi sisteminin təhlili baxımından olduqca vacib bir arqumentdir. Çünki doğrudan da, 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi sistemi kortəbii şəraitdə formalaşırdı. Siyasi sistemin gələcəyini, perspektivlərini müəyyənləşdirəcək və siyasi sistemin monolitliyini təmin edəcək ideya və ideologiyalar yox idi. Bununla bərabər, siyasi mədəniyyət nümunəsi də yox idi. Çoxpartiyalı sistemdə hər hansı bir partiyanın cəmiyyətin, ölkənin, dövlətin həyatında oynayacağı rolu ilə bağlı insanlarda tərəddüdlər var idi, dəqiq, aydın fikir yox idi. Çünki Azərbaycan cəmiyyəti total, monoideoloji bir sistemin varisi idi. Məhz belə bir şəraitdə Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə daxil olması normal siyasi partiya və demokratik siyasi sistem haqqında təsəvvür formalaşdırmağa başladı. YAP lokomotiv siyasi güc olmaqla bərabər, sürətlə inkişaf etməyə başladı.

Qısa müddətdən sonra hakimiyyətə gələn YAP ölkənin siyasi sisteminin formalaşmasına da güclü təsir göstərdi. Yəni özü inkişaf etdikcə, arxasınca məhz Azərbaycanın milli mentalitetinə, siyasi mədəniyyətinə uyğun olaraq yeni müxalif təşkilatlanmaların formalaşmasına da şərait yaratdı.

YAP demokratik sistemimizin yaradıcısıdır

Bu vaxta qədər gizli qruplaşmalar şəklində eyni bir partiyanın daxilində müxtəlif istiqamətlərdə illeqal təşkilatlanan qrupların rəsmi şəkildə təşkilatlanmasına şərait yaradıldı. O vaxta qədər ofisləri olmayan, ayrı-ayrı mənzillərdə, ictimai iaşə obyektlərində toplaşan insanların müasir qərargahlara köçməsinə şərait yaradıldı. Beləliklə, sözün həqiqi mənasında, YAP Azərbaycanda normal, demokratik siyasi sistemin formalaşmasına şərait yaratdı. Əlbəttə ki, bütün bunları təhlil edərkən qarşımıza çıxan başqa bir məsələ Yeni Azərbaycan Partiyasının Azərbaycan siyasi sisteminə yeni mədəniyyət gətirməsi idi. Partiyanın Sədri bu məsələyə də toxundu. Çünki əksər hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətin tərkib hissəsi hesab edilməklə, eyni zamanda, bəzi hallarda siyasi mədəniyyət mənəvi mədəniyyətlə eyniləşdirilir. Demokratik ölkələrdə hər bir halda hər hansı bir fərdin sosial-siyasi münasibətlərdə sərgilədiyi davranışlar məhz mənimsədiyi siyasi mədəniyyətə söykənərək sərgilənir. Ona görə də, ölkədə tarixi keçmişimizə, milli mentalitetimizə uyğun olaraq normal siyasi mədəniyyətin formalaşması vacib məsələlərdən biri idi. Çünki məhz bu mədəniyyət Azərbaycan siyasi sisteminin gələcəyini və keyfiyyətini, yəni necəliyini müəyyənləşdirəcək əsas komponentlərdən biridir. Ona görə də, YAP üzərinə düşən bu tarixi missiyanı da uğurla həyata keçirdi.

Yeni Azərbaycan Partiyası ictimai-siyasi sistemin sosiomədəni strukturunu tam təmsil edir

YAP 20 ildir ki, hakimiyyətdədir. Bu hakimiyyətdə olmanın səbəbi də partiyamızın Sədri İlham Əliyev tərəfindən izah edildi. Yeni Azərbaycan Partiyasının 20 il hakimiyyətdə olması və hər keçən gün daha da güclənməsi partologiya tarixində az rast gəlinən nümunələrdəndir. Ənənəvi olaraq, əksər cəmiyyətlərdə iqtidar partiyaları bir neçə ildən sonra səs itiməyə başlayırlar. Azərbaycanda isə bu baş vermədi. Hesab edirik ki, bunun əsas səbəbi ilk növbədə, YAP-ın qurucu liderinin və sonrakı onillikdə isə hazırkı Sədrinin liderlik keyfiyyətləri ilə bağlıdır. Bir siyasi partiya üçün onun liderinin kim olması ən əsas məsələlərdən biridir. Çünki bildiyimiz kimi partiya bir liderin ətrafında birləşən üzvlərin cəmidir. Burada hər bir partiya üzvünün maraqları mövcuddur. Bu maraqlar bəzi hallarda ümumi, bir çox hallarda isə fərdi olurlar. Partiyanın siyasi sistemdə rolu isə ondan ibarətdir ki, bütün bu fərdi və kollektiv maraqları təmin edə bilsin. Əks təqdirdə, partiya dağıla bilər.

Amma Yeni Azərbaycan Partiyası təkcə bununla işini başa vurmuş hesab etmədi. YAP təkcə fərdi və ümumi maraqları deyil, eyni zamanda, Azərbaycan xalqının maraqlarını da təmin etməklə ildən-ilə öz üzvlərinin sayını artırmağı bacardı və keçirilən bütün seçkilərdə əhalinin daha çox faizinin səsini qazanmağı bacardı. Hesab edirik ki, məhz bu, partiyaların fəaliyyəti baxımından qiymətləndirilməsi vacib olan əsas məqamlardan biridir və bu siyasi partiyalar tarixində yeni keyfiyyət dəyişikliyi kimi də qiymətləndirilə bilər. Yəni bu partiya təkcə üzvlərin, qrupların, ona rəğbəti və yaxud onun üzvü olan kollektiv marağı deyil, bütövlükdə xalqın marağını ifadə edir. Məhz YAP-ın hər seçkidə daha çox səs toplamasının əsas səbəbi də bundan ibarətdir.

YAP Azərbaycan cəmiyyətinin, siyasi sisteminin, daxili sosial, etnik, mədəni və dini strukturlarının hamısını təmsil edəcək siyasi, mədəni keyfiyyətlərə sahibdir. Belə olmasa idi, zəngin daxili sosial-siyasi və milli-etnik struktura malik olan bir ölkədə bu qədər güclənmək olmazdı. YAP-ın V Qurultayındakı mənzərə də əslində, bu gerçəkliyin vizual əksi idi. Bir daha gördük ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqı tərəfindən necə dəstəklənir. Ona görə YAP milli maraqları təmsil edən monolit siyasi gücdür desək, yanılmarıq.

Partiyadaxili strukturlarda yeni keyfiyyət dəyişiklikləri YAP-ı daha da gücləndirdi

Yeni Azərbaycan Partiyası zaman-zaman Proqram və Nizamnaməsinə uyğun olaraq bir sıra struktur dəyişikliklərinə üz tutur. Bu dəyişikliklər təkcə partiyanın həyatında baş verən dəyişikliklər deyil. Bu dəyişikliklər ilk növbədə, ölkənin siyasi sisteminin dəyişiklikləridir, sonra isə aldığı qərarlarla Azərbaycan xalqının müqəddəratına, taleyinə təsir edən addımlardır. Ona görə də, hesab edirəm ki, V Qurultayda baş verən dəyişikliklər yeni Siyasi Şura və İdarə Heyətinin üzvlərinin seçilməsi, bir növ partiyanın təşkilatlanmasında baş verən bu keyfiyyət dəyişiklikləri günün tələbləri baxımından olduqca aktual, gələcək perspektivləri baxımından isə çox əhəmiyyətli qərarlar idi. YAP-ın fəaliyyətini təhlil edən cənab Prezidentimiz, partiyamızın Sədri qeyd etdi ki, Yeni Azərbaycan Partiyası 2003-cü ildə sınaq qarşısında qalmışdı: "Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik".

Doğrudan da, bu xatırlatma Azərbaycan tarixinin olduqca mürəkkəb və taleyüklü bir dövrünün siyasi proseslərinin təhlilidir. 2003-cü ildə nə baş verdi? Cənab Prezident belə qeyd edir ki, "2003-cü ildə demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni, bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir".

Hesab edirik ki, partiyanın fəaliyyətinin qiymətləndirilməsi baxımından partiya Sədrimizin bu fikirləri çox əhəmiyyətli fikirlərdir. Doğrudan da, əgər o mürəkkəb dövrdə Yeni Azərbaycan Partiyası lazımi siyasi uzaqgörənliyi təmin edə bilməsə idi, xalqın dəstəyini arxasında hiss edə bilməsə idi, məhz ümumxalq partiyası olması keyfiyyətini isbat edə bilməsə idi, 2003-cü ilin siyasi yekunundan sonra Azərbaycan xalqının taleyi fərqli istiqamətdə inkişaf edə bilərdi. Bugünkü inkişaf etmiş, dünyaya inteqrasiya edən, beynəlxalq təşkilatlara, Avropaya inteqrasiya edən, güclənən Azərbaycanın yerində 1992-ci illərdə baş verən hadisələrdəki kimi qarşılıqlı çəkişmə, xaos və bu kimi digər eybəcər gerçəkliklər içərisində olan başqa bir Azərbaycan olardı. Hesab edirik ki, partiyanın fəaliyyətinin qiymətləndirilməsi baxımından, cənab Prezidentin bu fikirləri olduqca dəyərlidir. Bu baxımdan, 2013-cü il də məhz buna bənzər sınaq ilidir.

2013-cü ilin məsuliyyəti və YAP-ın yeni tarixi missiyası

Diqqət etsək doğrudan da, görərik ki, son illərdə regionda və dünyada çox mürəkkəb qlobal ictimai-siyasi proseslər baş verir. Biz onun şahidiyik ki, milli dövlətlərə, müstəqil milli siyasi iradəni qoruyan, onu təmin edən liderlərə qarşı təzyiqlər olur. Aktor kimi milli dövlətlər beynəlxalq münasibətlər sistemində sıxışdırılır. Nəzərə alsaq ki, Azərbaycan kimi kiçik ölkələr üçün belə şəraitdə müstəqil qərarlar qəbul etmək nə qədər çətindir, onda dünyada baş verən qlobal proseslərin ölkəmizə təsir imkanlarını da dəqiq hesablaya bilərik. Belə şəraitdə Azərbaycan Prezidentinin, partiyamızın Sədrinin yenidən Azərbaycanın müstəqilliyinə və suverenliyinə vurğu etməsi, onun Azərbaycan xalqı, hər bir azərbaycanlı üçün vazkeçilməz olduğunu bir daha Qurultayda səsləndirməsi və Azərbaycanın əsla və əsla milli maraqlardan geri çəkilməyəcəyini bəyan etməsi Azərbaycanın gələcəyi baxımından olduqca əhəmiyyətli tezislər idi.

V qurultaydan ölkədaxili auditoriyaya və xarici maraqlı dairələrə mühüm ismarıclar

Məhz belə bir mürəkkəb şəraitdə YAP-ın V Qurultayının baş tutması, partiyada daxili təşkilatlanmanın müəyyənləşdirilməsi və ölkənin gələcəyi ilə bağlı partiyanın fəaliyyəti ilə bağlı istər ölkədaxili qruplara, ictimaiyyətə ismarıcların verilməsi, istərsə də ölkədən xaricdə olan ayrı-ayrı dostlara və düşmənlərə müəyyən ismarıcların verilməsi hesab edirik ki, Azərbaycanın seçki ilində gələcək siyasətinin perspektivlərinin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli addımdır. Bəllidir ki, ölkə daxilindəki bəzi spekulyativ siyasiləşmiş qruplar YAP-ın fəaliyyəti ilə bağlı ölkə gündəliyində, mətbuatında müxtəlif fikirlərlə çıxış edirdilər. Yeni Azərbaycan Partiyasını vahid, güclü bir siyasi təşkilat kimi yox, daxilində parçalanmaya meyilli, yeni lider axtarışında olan, zəifləməkdə olan bir siyasi təsisat kimi göstərməyə çalışırdılar. Amma V Qurultaydan çıxan əsas ismarıclardan biri də o idi ki, YAP Qurultaydan sonra bütün bu tipli spekulyasiyalara son qoydu, daha güclənmiş şəkildə, ölkənin siyasi həyatına daha hakim bir şəkildə özünü təsdiq etmiş oldu. Yeni Azərbaycan Partiyasının bu cür siyasi davranışı, hesab edirik ki, seçki ilində Azərbaycan cəmiyyətində artıq fikirlərin və siyasi təsəvvürlərin aydınlaşmasına gətirib çıxardı. Artıq Azərbaycan xalqı bilir ki, onu hansı siyasi güc təmsil edəcək və onun maraqlarını hansı siyasi güc təmin edəcəkdir. Hesab edirik ki, bu baxımdan da YAP-ın V Qurultayı olduqca ibrətamizdir.

YAP Sədrinin hesabat xarakterli çıxışı alqışlara layiq idi

Yeni Azərbaycan Partiyasının V Qurultayında diqqəti cəlb edən başqa bir məsələ ondan ibarət idi ki, bu, bir növ YAP Sədrinin, Azərbaycan Prezidentinin Azərbaycan xalqına fəaliyyəti ilə bağlı hesabat verməsi idi. 10 ildə Partiya Sədrinin, Prezidentimizin gördüyü işlər ən qısa şəkildə sadalanmaqla, əsas etibarilə Azərbaycanın keçdiyi yola işıq tuturdu. Amma məsələ bununla da bitmədi. Cənab Prezident Qurultay nümayəndələri qarşısında öz nitqində siyasətimizin, iqtisadiyyatımızın, regionlarımızın, elmin, təhsilin gələcəyi və Azərbaycan dövlətinin strateji inkişaf istiqamətləri ilə bağlı əsas mövqeyini ifadə etdi. Bəlli oldu ki, növbəti illərdə də əsas diqqət mərkəzində olan məsələlərdən biri ilk növbədə, regionların inkişafı ilə bağlı olacaq, xarici siyasətdə əsas prioritetlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsi olacaq və elmin, təhsilin inkişafı ilə bağlı, sosial müdafiəsi zəif olan təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı, yəni, Azərbaycanın sosial dövlət olmaq istiqamətinin daha da inkişaf etdirilməsi ilə bağlı olacaq, eyni zamanda, Azərbaycanın artıq növbəti mərhələdə modern və postmodern bir ölkə kimi inkişaf etdirilməsi də Yeni Azərbaycan Partiyasının Sədrinin qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.

Beləliklə, V Qurultayı xarakterizə edərkən, ilk növbədə qeyd etmək lazımdır ki; 1) YAP daxili struktur etibarilə yeni keyfiyyət əldə etdi, 2) siyasi təşkilat olaraq daha da gücləndi, 3) ölkənin gələcəyi baxımdan prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, 4) monolit siyasi güc kimi ölkənin siyasi sisteminə hakim olduğunu nümayiş etdirdi, 5) Azərbaycan xalqının sözün həqiqi mənasında bütün nümayəndələrinin təmsilçisi olduğunu isbat etmiş oldu. Hesab edirik ki, bir siyasi partiyanın seçki ilində bu cür güclü təşkilat kimi yenidən ortaya çıxması məhz Azərbaycanda 2013-cü ilin oktyabr ayında keçiriləcək seçkilərdə də partiyanın siyasi taleyi ilə bağlı səsvermədə öz rolunu oynayacaqdır.

YAP-a rəqib olacaq siyasi güc yoxdur

Bəri başdan demək olar ki, V Qurultay həm də seçki ilində Yeni Azərbaycan Partiyasının olduqca uğurlu bir addımı oldu. Əgər YAP-ın V Qurultayının baş verdiyi fonda ölkənin siyasi sisteminin digər tərəflərinə nəzər salsaq, görəcəyik ki, yeni qarşıdurmalar, daxili intriqa, marginal qrupların maraqları və xarici anti-azərbaycançı qüvvələrdən asılılıq özünü göstərməkdədir. Bu gün biz görürük ki, iqtidar cəbhəsində pozitiv hadisələr baş verərkən müxalifətdaxili parçalanmalar və yenidən təşkilatlanmalar əslində, qısır siyasi spekulyasiyadan başqa bir şey deyil. Çünki yaranmış və yaranmaqda olan müxalif vahidlər əslində, tək vahidin hissəcikləri olduğu üçün onları bölüb yenidən topladıqda cəm dəyişmir. Yəni, bir vahidi neçə yerə bölüb sonra üst-üstə gəlsəniz, yenə həmin vahid olacaqdır. Bilirik ki, bu vahid olduqca dar siyasi elektoratı olan bir neçə radikal müxalifət qruplaşmalarından ibarətdir. İndiki mərhələdə isə çox təəssüf ki, müxalifət liderləri ölkənin siyasi taleyini müəyyənləşdirəcək milli iradəyə deyil, xaricdəki ayrı-ayrı anti-azərbaycançı mərkəzlərə müraciət edirlər. Halbuki Azərbaycanda kiminsə hakimiyyətə gəlməyini təmin edəcək əsas baza, heç şübhəsiz ki, xalqdır. Ona görə də məhz bu qruplaşmalara da mesaj göndərən cənab Prezidentimiz onları layiqli ifadələrlə təsvir etdi.

Beləliklə, bütövlükdə, Yeni Azərbaycan Partiyasının V Qurultayı yuxarıda sadaladığımız əsas məsələləri həll etməklə bərabər, əslində Azərbaycan xalqının gələcək ən yeni tarixinin keyfiyyəti ilə bağlı da qərar vermiş oldu. Verilən qərar ölkəmizin inkişafını təmin edəcək, siyasi sistemimizi daha da gücləndirəcək, xalqımızın rifahını və modern inkişaf istiqamətini müəyyənləşdirəcək, sabitliyin və tərəqqinin təntənəsini təmin edəcək tarixi bir qərardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti