Əfqanıstan, Kabil, 09 sentyabr / Trend , A.Həkimi / Zərdarinin Pakistanın prezidenti vəzifəsinə seçilmsinin Əfqanıstandakı vəziyyətə nə qədər təsir edəcəyi bilinmir və Əfqanıstan ekspertləri bu məsələyə şübhə ilə yanaşırlar.
Ötən həftənin şənbə günü Pakistan parlamentində keçirilən seçkilərdə Asəf Əli Zərdari 281 səs toplayaraq bu ölkənin prezidenti seçilib. Seçkilərdə Müslim Lig Partiyasının Nəvaz Şərif cinahından, Müslim Lig Partiyasının Qaid Əzəm cinahından və Pakistanın Xalq Partiyasından olmaqla üç nəfər prezidentlik kürsüsünə iddia edib. Namizədlər arasında Zərdari səs çoxluğu ilə prezident seçilib.
Bəzi ekspertlər hesab edirlər ki, Zərdarinin Pakistan prezidenti seçilməsi Əfqanıstandakı vəziyyətə müsbət təsir göstərəcək.
"Mülki şəxslər hərbçilərdən daha yumşaq təbiətli olur. Pakistanda hakimiyyətin mülki şəxsin əlində olması hərbçinin əlində olmasından daha yaxşıdır və belə olduqda Əfqanıstandakı vəziyyətin düzələcəyinə də ümid etmək olar", - deyə Milli Birlik Şurasının üzvi Mühiyiddin Mehdi Kabildə Trend - a bildirib.
Mehdi milliyyətçi bir partiyanın hakimiyyətə gəlişini müsbət dəyərləndirərək bildirib ki, parlament seçkilərində fundamentalistlərin məğlubiyyəti sevindirici haldır. Onun sözlərinə görə, sentyabrın 6-da keçirilən seçkilərdə həm Bəluçustan vilayətindən, həm də Federal dövlətdən olan ümumilikdə 18 nümayəndə Zərdariyə səs verib.
Digər ekspertlər isə hesab edirlər ki, Pakistanda baş vermiş son dəyişikliklər Əfqanıstandakı vəziyyətə bir o qədər təsir etməyəcək.
"Pakistan Zərdarinin prezident seçilməsi ilə üç əsas problemlə üz-üzə qalır: birinci, getdikcə artan yoxsulluq, işsizlik və təhlükəsizliyin təmin edilməməsi, ikinci, Müslim Lig kimi böyük partiyaların siyasətdən kənarda qalması və üçüncü, Zərdarinin şəxsiyyəti şübhə doğurur, belə ki, o, çox rüşvət aldığına görə "cənab 10 faiz" ləqəbi ilə məşhurdur", - deyə siyasi məsələlər üzrə ekspert Vəhid Müjdə Trend - a bildirib.
"ABŞ Pakistan Talibanına qarşı hərbi mübarizədə israrlıdır, lakin Zərdari ilə blok yaratmış bəzi partiyalar məsələnin hərb yolu ilə deyil, danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Müzakirələrə getmək isə o deməkdir ki, dövlət qüvvələri qəbilələr məskunlaşmış sərhəd regionları tərk etməlidir. Lakin bu baş verərsə, sərhəd zonalarında Taliban qiyamçılarının maneəsiz gediş-gəlişi təmin olunmuş olacaq. Ona görə də bu, Əfqanıstanın xeyrinə deyil", - deyə Müjdə bildirib.
Mehdi Zərdarinin Bəluç tayfasından olmasını və onun Pakistanın sərhəd zonalarında yaşayanlarla əlaqələri olduğunu xatırladaraq bildirib ki, o, azad qəbilələri federal hökumətdən ayırmaqla Pakistan dövlətinin tərkibinə qatacağı barədə vədlərlə çıxış edib. Həmin qəbilələr də ona səs verməklə, qan tökməkdən və müharibə aparmaqdan yorulduqlarını bildiriblər.
Mehdinin sözlərinə görə, sərhəd zonasında məskunlaşmış qəbilələr bu addımla Əfqanıstan və Pakistan arasında mövcud olan sərhəd probleminin sona çatdığını göstərirlər ki, bu da Əfqanıstanda bəzi qüvvələrə sərf etmir.
Zərdari öz çıxışlarında vurğulayıb ki, Pakistanda hakimiyyətin baş nazir (Sədr Əzəm) tərəfindən idarə olunması tərəfdarıdır. Müjdənin fikrincə, əgər Zərdari də Fərviz Müşərrəf kimi prezidentlik səlahiyyətlərindən istifadə edərsə, hökuməti özü idarə edəcək. Əks təqdirdə, baş nazir ölkədə aparıcı qüvvə olacaq, prezident isə simvolik bir rol oynayacaq.
O bildirib ki, baş nazir ölkədə aparıcı qüvvə olacağı təqdirdə, bu, Əfqanıstandakı vəziyyətin müsbətə doğru dəyişməsinə bir o qədər təsir etməyəcək və baş nazir postuna kimin seçiləcəyini gözləmək lazımdır. Ekspertin sözlərinə görə, hazırda Pakistanda baş verən hər bir dəyişiklik Əfqanıstana mənfi təsir göstərir. Məsələn, son bir neçə ayda Pakistanda sadəcə qiymətlərin artması belə Əfqanıstanda da eyni cür təzahür edib.
Digər ekspertlər isə hesab edirlər ki, Pakistanın Təhlükəsizlik Təşkilatı (ISI) və silahlı qüvvələri Əfqanıstanın daxili məsələlərinə müdaxiləni dayandırmasalar, ölkəyə kimin rəhbərlik edəcəyinin əslində heç bir əhəmiyyəti yoxdur.
"Zərdarinin Pakistanın prezident kürsüsünə əyləşməsi Əfqanıstandakı vəziyyəti dəyişməyəcək, belə ki, Əfqanıstana münasibətdə regional siyasəti Pakistanın Təhlükəsizlik Təşkilatı və silahlı qüvvələri müəyyənləşdirir. Təhlükəsizlik Təşkilatı isə Zərdarini baş komandan kimi qəbul etmir və onun mərlərinə tabe olmur", - deyə regional məsələlər üzrə ekspert Əhməd Səidi Trend - a bildirib.
Səidi də əlavə edib ki, Pakistanın silahlı qüvvələri və Təhlükəsizlik Təşkilatı Əfqanıstanın daxili məsələlərinə müdaxiləni dayandırmasa, Əfqanıstanda problemlərin həllini gözləmək absurddur. Ona görə ki, Əfqanıstanın problemi strateji bir problemdir və strateji yollarla da həll edilməlidir.
Əfqanıstanın hazırki prezidenti Hamid Kərzai Zərdarini Pakistanın prezidenti seçilməsi münasibətilə təbrik edib. Buna münasibət bildirən ekspert Müjdə bildirib ki, həmişə olduğu kimi, bu dəfə də Əfqanıstan rəsmiləri hadisələrə tez reaksiya veriblər.
Onun sözlərinə görə, Əfqanıstan prezidenti Zərdari öz daxili və xarici siyasətini elan etməmiş, onu təbrik etməyə tələsməməli idi. Çünki yaxın gələcəkdə Zərdarinin siyasətinin əsl mahiyyəti açıldıqdan sonra onun əleyhinə çıxış edəcəyi istisna olunmur və bu, düzgün siyasət deyil.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]