Hakimiyyət strukturlarında sonuncu kadr dəyişikliklərinə toxunan ölkə prezidenti Kurbanbek Bakiyev qeyd edib ki, bu, normal iş prosesidir və bunda hansısa siyasi səbəb axtarmağın mənası yoxdur. "Zaman durmur, hər yeni gün yeni tələblər irəli sürür. Biz müvafiq olaraq bu tələblərə reaksiya göstərməliyik", - hökumət aparatına vitse-baş nazir Uktomxan Abdullayevanı təqdim edərkən dövlət başçısı qeyd edib. Bu barədə prezidentin saytı xəbər verib. Bakiyev həmçinin yeni əmək və sosial inkişaf naziri Nazgül Tapşayevanı da vəzifəyə təyin olunması münasibətilə təbrik edib və uğurlar arzulayıb. "Təyin olunmazdan əvvəl o, hökumət aparatında şöbə rəisi işləyib, sosial sahəyə nəzarət edib. Tapşayeva gənc kadrdır, lakin buna baxmayaraq, bu sahədə lazımi iş təcrübəsinə malikdir və ümüd edirəm ki, üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirəcək", - Qırğızıstan prezidenti deyib.