...

İranın nüvə başlığı daşıya bilən raketlərə ehtiyacı yoxdur - Parlament komissiyasının üzvü

Dünya xəbərləri Materials 1 İyul 2011 10:11 (UTC +04:00)
İranın atom silahına və nüvə başlıqları daşıya bilən raketlərə ehtiyacı yoxdur. Bunu Trend-ə İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Kazım Cəlali bildirib.
İranın nüvə başlığı daşıya bilən raketlərə ehtiyacı yoxdur - Parlament komissiyasının üzvü

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir T.Cəfərov/

İranın atom silahına və nüvə başlıqları daşıya bilən raketlərə ehtiyacı yoxdur. Bunu Trend-ə İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Kazım Cəlali bildirib.

Beynəlxalq KİV-in məlumatına əsasən, Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq "Böyük Peyğəmbər 6" adlı hərbi təlimlər zamanı İranın ballistik raketlər və raket əleyhinə müdafiə qurğularının gizli sınağını keçirdiyini deyib.

"İran "Böyük Peyğəmbər 6" adlı hərbi təlimlər zamanı nüvə başlığı daşıya bilən raketlərin sınağını keçirib. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir", - Heyq deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanparast isə bu məlumatı təkzib edib.

Cəlali İranın raket istehsalı sahəsində əldə etdiyi nailiyyətlər barədə ictimaiyyətin məlumatlandırıldığını deyib.

"İran İslam Respublikası dəfələrlə bəyan edib ki, atom silahı istehsalında maraqlı deyil. Raket istehsalı sahəsində əldə etdiyimiz nailiyyətlər barədə də ictimaiyyətə məlumat verilir. Bu sahədəki nailiyyətlərimiz gizli saxlanılmır", - Cəlali Tehrandan telefonla Trend-ə bildirib.

Onun fikrincə, Qərb ölkələrinin bu cür çıxışları İrana yönəlmiş psixoloji müharibə və təzyiqlərin davamıdır.

"Britaniya, İsrail, ABŞ kimi ölkələr İrana qarşı psixoloji müharibə aparmaqda və təzyiqlər göstərməkdə maraqlıdırlar. Britaniyanın xarici işlər nazirinin sözlərini də İrana qarşı psixoloji müharibə kimi dəyərləndiririk", - Cəlali deyib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsində məqsədin nüvə-elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 6 qətnamə qəbul edib. Qətnamələrin 4-də İrana qarşı iqtisadi sanksiyaların tətbiq olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti