Bakı. Trend:
Türkiyə məhsulları dünya bazarlarına “GT Anadolu” brendi ilə çıxarılacaq.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyə Qastronomiya turizm dərnəyinin prezidenti Gürkan Boztepe türk mətbəxinin və məhsullarının tanıdılması istiqamətində həyata keçirdikləri fəaliyyətlər haqqında danışıb.
Qastronomiya ilə turizmi birləşdirərək, “qastronomiya turizmi” anlayışını yaratdıqlarını ifadə edən Boztəpə bu sahənin ümumi turizm gəlirlərinin mühüm elementini təşkil etdiyini bildirib.
"Türkiyədə illik 5,1 milyard dollar qastronomiya turizmi gəliri əldə edilir, ABŞ-da isə bu rəqəm 444 milyard dollara çatıb. Hədəfimiz ilin sonu üçün 15 milyard dollardır. Qastronomiya hər zaman turizm növləri arasında ilk üçlükdədir",- deyə Gürkan Boztepe qeyd edib.
Boztepe bildirib ki, dərnəyin məqsədi türk mətbəxini tanıtmaqdır.
"Nyu-Yorkdan Dubaya qədər müxtəlif yerlərdə kampaniyalar təşkil etdik. Anadolu məhsullarını xaricə açmaq üçün "GT Anadolu" adlı bir marka qurduq. Qablaşdırma, qrafika, dizayn hazırdır. Yerli və xarici elektron ticarət şirkətləri ilə protokollar imzalayırıq. Bu məhsullar Türkiyədə və xaricdə elektron ticarətdə satılacaq", - deyə Boztepe əlavə edib.
Dərnəyin həm Anadoluda, həm də xaricdə nümayəndəliklərinin olduğunu bildirən Boztepe Nepaldan Los-Ancelesə qədər nümayəndəliklər açdıqlarını bildirib. Boztepe 21 şəhər və 10 ölkədə yerləşdiklərini və məqsədlərinin bu rəqəmi daha da artırmaq olduğunu deyib.
Qeyd edək ki, Anadolu mətbəxi dünya ölkələrinin ən yaxşıları arasında 44-cü yerdədir.