Bakı. Trend:
ABŞ ilə münasibətlərdə yaranan çıxılmaz vəziyyətin öhdəsindən gəlmişik.
Trend xəbər verir ki, bu haqda Kolumbiyanın xarici işlər nazirliyi bəyanat yayıb.
Bəyanata görə, ölkənin XİN rəhbəri Luis Hilberto Murilyo yaxın saatlarda işgüzar görüşlər keçirmək məqsədilə Vaşinqtona yollanacaq.
“Biz ölkəyə deportasiya olunmuş kolumbiyalı kişi və qadınları qəbul etməyə davam edəcəyik və onları hüquqi subyekt olaraq layiqli həyat şəraiti ilə təmin edəcəyik”, - deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın qanunsuz miqrantlara qarşı qəbul etdiyi bir sıra sərt ölçülər fonunda Kolumbiya rəhbərliyi deportasiya olunmuş kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkənin aeroportlarında enişinə icazə verməyəcəyini bildirmişdi.
Yaranmış dilemma ilə əlaqədar iki ölkənin hökumət nümayəndələri qarşılıqlı ittihamlar və təhdidlər səsləndirmişdilər.
Bu arada Kolumbiya ilə ABŞ rəhbərliyinin miqrantlarla bağlı razılıq əldə etməsindən sonra Donald Tramp administrasiyası Kolumbiyaya qarşı “sərt tarif” rejimi tətbiq etməyəcəyini bildirib.
Bundan əvvəl Donald Tramp ABŞ təyyarələrinin enişinə qadağanın qoyulmasından sonra ölkəyə idxal olunan Kolumbiya mallarına qarşı 25 faizlik rüsumun tətbiq olunmasına göstəriş vermişdi.