Bakı. Trend:
5 aprel -13 may aralığında İranda zəmanətli şəkildə təsərrüfatçılardan satın alınan buğdanın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7% artıb.
Trend-in məlumatına görə, bunu İranın kənd təsərrüfatı nazirinin müavini Məcid Ancəfi (Majid Anjafi) yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qeyd olunan müddətdə ölkədə 1,7 milyon ton buğda təsərrüfatçılardan zəmanətli şəkildə satın alınıb.
Nazir müavini deyib ki, ölkədə enerji çatışmazlığı və quraqlığın mövcud olmasına baxmayaraq, cari ildə ölkədə 11 milyon ton buğdanın götürüləcəyi və təsərrüfatçılardan satın alınan buğdanın həcminin 9 milyona tona çatacağı gözlənilir.
İranın Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı üzrə imkanlarına diqqət çəkən Ancəfi bildirib ki, Şərqi Azərbaycan vilayətində ildə təxminən 5 milyon ton kənd təsərrüfatı məhsulları yetişdirilir. Onun 60%-i əkin məhsullarına aiddir.
Qeyd edək ki, İranda bu il üçün 6,39 milyon hektar ərazidə buğda əkilib. Onun 4,22 milyon hektarı dəmyə ərazisi, 2,17 milyon hektarı isə adi əkin ərazisidir.
Cari ildə (21 mart 2025 -20 mart 2026) ölkədə zəmanətli şəkildə çörək hazırlamaq üçün buğdanın hər 1 kiloqramının qiyməti 205 min rial (təxminən 0,38 dollar), durum buğdasının hər 1 kiloqramının qiyməti 210 min rial ( təxminən 0,39 dollar) təyin olunub.