Bakı. Trend:
Gürcüstan baş naziri İrakli Kobaxidze Brüsseldə siyasi vəziyyətin dəyişməsindən sonra ölkəsinin Avropa İttifaqına üzv olacağına ümid etdiyini bildirib.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
“Biz, təbii ki, Avropaya məxsusuq və irəliləmək, ölkəni iqtisadi artım və idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından inkişaf etdirmək üçün maksimum səylər göstəririk. Məhz buna görə də çox nikbin mövqedəyik. Avropa İttifaqı ilə Gürcüstan arasında müəyyən çətinliklər mövcuddur, lakin siyasi vəziyyət dəyişdikdən sonra bizim (Avropa İttifaqına) inteqrasiyamızın baş verəcəyinə ümid edirik”, – deyə Kobaxidze Əbu-Dabidə keçirilən Dayanıqlı İnkişaf Həftəsində çıxışı zamanı bildirib.
Gürcüstan hökumətinin başçısı həmçinin qeyd edib ki, ölkə artan iqtisadiyyata malikdir və son beş ildə orta iqtisadi artım göstəricisi 9,3% təşkil edib. Bundan əlavə, Kobaxidze bəyan edib ki, Gürcüstan korrupsiyaya qarşı mübarizədə ən yaxşı göstəricilərə malikdir və bu sahədə Aİ-nin 11 ölkəsini qabaqlayır.
