Bakı. Trend:
Varşava və Vaşinqton arasında əldə olunmuş razılaşmalar çərçivəsində Polşanın qərbində yerləşən Vrotslav şəhərində yeni aviabazanın inşasına başlanılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Polşanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Vrotslavda təxminən 750 milyon zlotı (təqribən 200 milyon ABŞ dollarından bir qədər çox) dəyərində infrastruktur – dünyanın ən iri nəqliyyat təyyarələrini qəbul edə bilən müasir APOD (Aerial Port of Debarkation – Hava boşaltma limanı) hava bazası inşa olunur. Bu infrastruktur ABŞ və NATO qoşunlarının şərq cinahında əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq”, - deyə məlumatda qeyd olunur.
Aviabaza ABŞ Hərbi Hava Qüvvələrinin ən iri nəqliyyat təyyarələri olan “C-5 Galaxy” və “C-17 Globemaster” təyyarələrini qəbul edib yerləşdirməyə imkan verəcək, ABŞ qoşunlarının Polşada, eləcə də Mərkəzi və Şərqi Avropada maddi-texniki təminatını həyata keçirəcək və potensial silahlı münaqişə halında operativ bölmələrin qəbuluna tam hazır olacaq.
