...

"Lider Xəbər" Departamenti: Yubiley münasibətilə sürprizlər olacaq (FOTO)

Cəmiyyət Materials 6 Fevral 2015 18:10 (UTC +04:00)
Bu il Azərbaycanın efir məkanında özünəməxsus yeri olan Lider Televiziyasının yaradılmasının 15 ili tamam olur.
"Lider Xəbər" Departamenti: Yubiley münasibətilə sürprizlər olacaq (FOTO)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İlkin İzzət/

Bu il Azərbaycanın efir məkanında özünəməxsus yeri olan Lider Televiziyasının yaradılmasının 15 ili tamam olur. Bu müddət ərzində "Lider Xəbər" Departmaneti efir siyasətini yalnız milli maraqlarımız üzərində qurub. Yubiley münasibətilə isə Lider TV tamaşaçılar üçün bir neçə sürpriz hazırlayır. Bunu Trend-ə "Lider TV və Radio-Azərbaycan" MMC-nin "Lider Xəbər" Departamentinin rəisi İlham Abdulov deyib.

Onun sözlərinə görə, Lider TV ilk dəfə efirə 2000-ci il sentyabrın 1-də çıxıb. Hazırda Departamentin nəzdində 4 redaksiya fəaliyyət göstərir: "Bunlar Siyasi-ictimai, Sosial-mədəniyyət, Analitik araşdırmalar və Gənclər redaksiyalarıdır. Bundan əlavə, Xarici, Regionlar, İqtisadi xəbərlər qrupları var. İdman xəbərləri isə Gənclər redaksiyasında hazırlanır. İdmandan əlavə, vətənpərvərlik və intellektual-əyləncəli verilişlər də bu redaksiyanın məhsuludur. Sosial-mədəniyyət redaksiyasında "Səda" informasiya proqramı, eləcə də "Barkod" verilişi üçün məhsul və əşyaların keyfiyyəti və istifadəsinə dair süjetlər hazırlanır. Analitik araşdırmalar redaksiyası tamaşaçılara analitik proqramlar, tok-şoular təqdim edir. Eyni zamanda, bu redaksiya "Səda" informasiya proqramı üçün süjetlər hazırlayır".

İ.Abdulov qeyd edib ki, ilk dəfə olaraq məhz Lider TV-nin efirində informasiya marafonu yaradılıb: "Bazar günü istisna olmaqla hər gün saat 13:00-dan etibarən "Səda" informasiya proqramı başlayır, daha sonra 13:30-da "Səda-Dünya", 13:45-də "Səda-İdman", ardınca 14:00-dan 14:30-dək "Ekonomiks" gedir. Yəni fasiləsiz olaraq saat yarım tamaşaçılara xəbər təqdim edirik. Bundan əlavə, xəbərlərin dinamikası artırılıb. Son prezident seçkiləri zamanı biz 24 saat xəbər marafonu ilə çıxış etdik. Aparıcılar bir-birini elə efirdəcə əvəzləyirdilər. Bu da bizim uğurumuzdur. Buna qədər Azərbaycanda heç kim bu işi görməmişdi. Hazırda qarşıdan gələn Avropa Oyunlarına xüsusi diqqət yetirilir".

O bildirib ki, "Lider Xəbər" Departamenti 15 illik yubileyi ərəfəsində tamaşaçılara yeni rubrikalar, verilişlər təqdim edəcək: "Lakin bəzi layihələr sürpriz olacaq. Hazırda onların üzərində iş gedir. Onları tamaşaçılar efirdə görəcəklər. İndi Departamentdə 9 adda veriliş ərsəyə gətirilir. Bundan əvvəl də müxtəlif layihələr olub. Ümumiyyətlə, 2015-ci il bizim üçün çox maraqlı il olacaq".

Departament rəisinin sözlərinə görə, hazırda televiziyanın onlayn fəaliyyət göstərən saytı, "facebook" səhifəsi, YouTube" kanalı fəaliyyət göstərir: "Bundan əlavə, istənilən şəxs "iReporter" proqramını mobil telefonuna yükləməklə bizə foto və video materiallar göndərə, eləcə də daimi fəaiyyət göstərən "qaynar xətt"lə xəbər verə bilərlər. Biz də onları dəyərləndirib lazım olanları efirə veririk. Onsuz da Azərbaycanın informasiya məkanı geniş deyil. Fərq yalnız onlara yanaşma tərzindədir".

İ.Abdulov xüsusilə bildirib ki, "Lider Xəbər" Departamentində müəllif hüquqları daim qorunur: "Bizdə istinad mədəniyyəti var. Elə biz də "Lider Xəbər" əmtəə nişanı ilə çıxış edirik və bunu patentləşdirmişik. Məsələ bundadır ki, adının Xəbər Departamenti olmasına baxmayaraq, biz təkcə xəbər vermirik, həm də bir sıra verilişlər hazırlayırıq. Biz reytinq dalınca heç zaman düşmürük. Bayağı verilişlərlə reytinq qazanmaq bizə lazım deyil. Biz efir siyasətimizi Azərbaycanın milli maraqları üzərində qururuq".

Departament rəisinin sözlərinə görə, Lider TV-nin rəhbərliyi işçilərinə böyük diqqət göstərir, onların qayğıları ilə yaxından maraqlanır: "Şirkət rəhbərliyi elə mühit yaradıb ki, biz vahid komanda şəklində işləyirik. Biz həm də gəncləri dinləyir və onları öyrədirik. Gənclər də öz növbəsində, həm öyrənir, həm də öyrədirlər. Hazırda Departamentdə 120-yə yaxın işçı var. Bundan əlavə, 15 nəfər bizdə təcrübə keçir. Onların əksəriyyəti tələbədir. Tələbələr səhərlər dərsdə olur, nahardan sonra isə burada təcrübə qazanırlar".

Lider TV-nin "Lider Xəbər" Departamenti rəisinin 1-ci müavini, eləcə də TV-nin Tədris Mərkəzinin rəhbəri Radik İsmayılov bildirib ki, televiziyanın nəzdindəki Tədris Mərkəzi Lider TV efirə çıxandan təxminən 2-3 il sonra yaradılıb. Mərkəzə əsasən tələbələr cəlb olunur, onlar diplom alandan sonra isə bəziləri işə götürülür: "Burada xüsusən kadrların peşəkarlıq səviyyəsinin artırılması və yeni kadrların cəlb olunması məsələlərinə önəm verilir. Sosial layihə kimi fəaliyyət göstərən Mərkəzdə kurs keçənlərə televiziyanın sirləri öyrədilir. Kursu bitirənlərdən daha sonra onlardan heç də məcburən burada qalıb işləmələri tələb olunmur. Əlbəttə ki, televiziya rəhbərliyini qane edənlər işə götürülür. Eyni zamanda, digər televiziyalara gedib işləyənlər də olur. Mərkəzdə təkcə jurnalistlər yox, rejissorlar, operatorlar, montajçılar, prodüserlər və s. kadrlar yetişdirilir".

R.İsmayılov deyib ki, Mərkəzə hər yerli, həm də xarici mütəxəssislər cəlb olunur: "Bu vaxta kimi Mərkəzdə Rusiya və Türkiyədən gəlmiş tanınmış televiziya mütəxəssisləri gənc kadrlarla öz təcrübələrini bölüşüblər. Bir sözlə, televiziya tərəfindən bu sahəyə mütəmadi investisiya qoyulur. Bundan əlavə, "Lider jurnalistika" kitabı nəşr edilərək kitabxanalara, ali məktəblərin jurnalistika fakültələrinə paylanıb".

Onun sözlərinə görə, Tədris Mərkəzinin gələcək üçün nəzərdə tutulan layihələri də var: "Onlardan biri Mərkəzə Azərbaycanın yerli televiziya mütəxəssislərinin cəlb edilməsi ilə bağlıdır. Bununla televiziyalar arasında dostluq körpüsü salmaq istəyirik, eləcə də jurnalistika fakültələrinin tələbələri üçün yeniliklər hazırlayırıq".

Lider TV-nin "Lider Xəbər" Departamenti rəisinin 2-ci müavini, "Səda" informasiya proqramının əsas buraxılışının rəhbəri və aparıcısı Günel Gözəlovanın sözlərinə görə, burada gənc kadrlara xüsusi önəm verilir: "Burada jurnalistikaya gəlmək istəyənlər üçün qapı hər zaman açıqdır. Əvvəllər televiziyada təcrübə keçmək çox çətin idi. Ona görə də biz çalışırıq ki, tələbələrə belə bir imkanı təmənnasız olaraq yaradaq. Biliyi, bacarığı, mədəni səviyyəsi yerində olanlar üçün burada heç bir problem olmur".

Onun sözlərinə görə, Lider TV-də yeniliklərin ən çox bəyəniləni ixtisaslaşmanın olmasıdır: "Mütləq şəkildə tamaşaçılara sosial, eləcə də milli-mənəvi dəyərlərə həsr olunmuş, xüsusən də vətənpərvərlik mövzusunda rubrika və proqramlar təqdim edirik. Unutmuruq ki, bizə düşmən də baxır. Biz buna xüsusi diqqət yetiririk".

G.Gözəlova onu da qeyd edib ki, Lider TV-də bəzi verilişlərin müəllifi şəxsən televiziyanın prezidenti Ədalət Əliyevdir: "Xəbər Departamentində isə verilişlərin yaranmasının əksəriyyəti məhz onun adı ilə bağlıdır. İstənilən halda bu verilişlərdə aparıcılar dəyişə bilir. Onlardan biri də "Seçim" verilişidir. Yeniliklərdən biri də odur ki, gələn həftə bu veriliş efirə yeni aparıcı ilə çıxacaq".

Tanınmış teleaparıcının sözlərinə görə, Lider TV-də hazırda KİV-də əsas problemlərdən olan aparıcı və müxbirlərin Azərbaycan dilində düzgün danışığına xüsusi diqqət yetirilir: "Bizim üçün onların qrammatik qaydalara uyğun, qüsursuz danışması şərtdir. Çünki televiziya tamaşaçılar üçün bir etalondur. Çalışırıq ki, dialekt və şivələri efirə gətirməyək".

O, həmçinin hər şeyə gənclərin gözü ilə baxmağa çalışdıqlarını vurğulayıb: "Bizdə işləyənlərin əksəriyyəti peşəkar gənclərdir. Onlardan gedənlər də olur, gedib yenidən qayıdanlar da. Bu məsələdə heç bir problem yoxdur. Məhz gənclərin çoxluğu səbəbindən bu televziyada bir çox ailələrin təməli qoyulub. Bu televiziyada işləyən çox gənclər bir-biri ilə ailə qurublar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti