...

Azərbaycanın tanıdılması üçün peşəkar bələdçilərə ehtiyac var

Cəmiyyət Materials 7 Sentyabr 2015 17:54 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Turizm Assosiasiyasında (AZTA) ölkəmizdə turizmin inkişafı, qarşıda duran vəzifələr və mövcud problemlərin aradan qaldırılması məqsədilə görüş keçirilib.
Azərbaycanın tanıdılması üçün peşəkar bələdçilərə ehtiyac var

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Elmir Murad/

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Turizm Assosiasiyasında (AZTA) ölkəmizdə turizmin inkişafı, qarşıda duran vəzifələr və mövcud problemlərin aradan qaldırılması məqsədilə görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və qurumun aidiyyəti üzrə əməkdaşları, AZTA-ya üzv olan turizm şirkətlərinin və mehmanxanaların nümayəndələri iştirak ediblər.

Tədbirdə I Avropa Oyunlarının turizm sənayesinə töhfələri, beynəlxalq əlaqələr və təbliğat, ölkədən getmə, ölkəyə gəlmə və daxili turizmin inkişaf perspektivləri müzakirə olunub.

N.Səmədov çıxış edərək ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən layihələrdən və prioritet istiqamətlərdən danışıb. Bildirib ki, son illər bu sahədə xeyli işlər görülüb və turizm sektoruna dövlətin dəstəyi davam edir. Yeni turizm kompleksləri və hotellər tikilir, yeni marşrutlar yaradılır: "Bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində də işlər davam etdirilir. Elektron vizaların verilməsi istiqamətində müsbətə doğru addımlar atıldı. Turizm sahəsinin inkişaf etməsi ilə yanaşı, bu sahədə müxtəlif çətinliklər də ortaya çıxır. Onların aradan qaldırılması üçün nazirlik olaraq hər zaman öz dəstəyimizi verməyə hazırıq".

Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov ilin ötən dövrü ərzində bu sahədə görülən işlər və turizm şirkətlərinin qarşılaşdığı problemlərdən söz açıb. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün AZTA-nın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı daha da gücləndirməsinin vacibliyi vurğulanıb.

AZTA-nın Xaricə göndərmə komitəsinin sədri Ayxan Əlləzli ölkədən gedən turistlərin bir sıra hallarda çətinliklərlə üzləşdiyini bildirib və bu məsələlərin ayrı-ayrı şirkətlərin fəaliyyətindən qaynaqlandığını deyib. Qeyd olunub ki, assosiasiya müvafiq araşdırma apararaq ölkədə xaricə göndərmə ilə bağlı tövsiyə olunan turizm şirkətlərinin siyahısını ictimaiyyətə təqdim edəcək.

AZTA-nın Gəlmə turizm komitəsinin sədri Murad Kərəmov ölkəmizə səfər edən turistlərə vizaların verilməsi və ekskursiyaların təşkili məsələlərinə toxunaraq bildirib ki, gələn turistləri qəbul etmək, ölkəmizin təbliği və tanıdılması üçün kifayət qədər peşəkar bələdçilərə ehtiyac var. Bunun üçün ekskursiya bürolarının yaradılması da planlaşdırılır. Həmin bürolarda kurslara cəlb olunan işçilərə təcrübəli mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulur.

Görüşdə turizm şirkətlərinin fəaliyyətində yarana biləcək risklərin aradan qaldırılması üçün turizm fondunun yaradılması da müzakirə olunub. Həmçinin ölkədəki mehmanxanaların fəaliyyəti, onların qarşılaşdığı çətinliklərdən bəhs olunub. Mədəniyyət və turizm nazirinin müavini N.Səmədov səsləndirilən problemlərin aradan qaldırılması üçün müvafiq addımların atılacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti