Bakı. Trend:
Avropa Şurasının Demokratik Vətəndaşlıq və İştirakçılıq Direktoratlığı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunu Avropa Şurasının Avropa Gənclər Fondu ilə görüş keçirmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə Fransanın Strasburq şəhərinə dəvət edib.
Fonddan Trend-ə verilən məlumata görə, 18-20 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndə heyəti, Avropa Şurası və Avropa Gənclər Mərkəzinin nümayəndələri ilə bir sıra görüş keçirib.
Nümayəndə heyətinə eyni zamanda Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektoru müdiri Fuad Babayev daxil ediliblər.
Səfər çərçivəsində Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulcahy, Avropa Şurasının Gənclər Departmentinin Koordinatoru Marina Filaretova, Avropa Gənclər Fondunun müavini Karen Palliser, Avropa Şurasının Gənclər Departamenının rəhbəri Antje Rothemund və bir çoxları ilə görüşlər keçirilib.
Görüş zamanı Avropa Şurası Gənclər Departamenti, Avropa Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu arasında olan əlaqələr və yaxın gələcəkdə birgə icra olunacaq layihələr haqqında müzakirələr aparılıb.
Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədləri, prinsipləri haqqında Avropa Şurasının nümayəndələrinə məlumat vermiş və onların sullarını cavablandırmışdırlar.