...

Vüqar Rəhimzadə: "Reket" jurnalistlərin ifşası mənəvi terrorun qarşısını almaq deməkdir

Cəmiyyət Materials 7 Dekabr 2016 15:23 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının vətəndaşları şantaj edən "reket" jurnalistlər şəbəkəsini ifşa etməsi təqdirəlayiqdir.
Vüqar Rəhimzadə: "Reket" jurnalistlərin ifşası mənəvi terrorun qarşısını almaq deməkdir

Bakı. Samir Əli - Trend:

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının vətəndaşları şantaj edən "reket" jurnalistlər şəbəkəsini ifşa etməsi təqdirəlayiqdir.

Bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, "reket" jurnalistlərin fəaliyyəti Azərbaycan jurnalistikasına xələl gətirən haldır:

"Elə mətbuat orqanları var ki, peşə davranış qaydalarını mütəmadi olaraq pozur, jurnalistika prinsiplərinə tamamilə zidd hərəkətlər edirlər. Mətbuat Şurası yarandığı gündən bu hallarla mübarizə aparır, öz mövqeyini ortaya qoyur. Azərbaycan Mətbuat Şurasının tətbiq etdiyi "qara siyahı"da 100-ə yaxın bu cür mətbuat orqanının adı var. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ifşa olunan şəxslərin rəhbərlik etdiyi həmin qəzetlərin adları da "qara siyahı"da olub. Mətbuat Şurasının apelyasiya şurasına həmin qəzetlər müraciət edəndən sonra onların adları bir müddət "qara siyahı"dan çıxarıldı. Amma Şuranın sonuncu iclasında həmin qəzetlərdən birinin adı yenidən həmin siyahıya əlavə edildi".

DTX əməliyyat keçirdi - vətəndaşları şantaj edən baş redaktor dəstəsi ilə yaxalandı

DTX əməliyyat keçirdi - vətəndaşları şantaj edən baş redaktor dəstəsi ilə yaxalandı

V.Rəhimzadə bildirib ki, davamlı olaraq bu cür şantaj xarakterli əməllərlə məşğul olanlar qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb edilməlidir:

"Reket" fəaliyyəti ilə məşğul olan bu cür insanlar jurnalistika adından istifadə edərək insanları təhdid edirlər. Bu həm Azərbaycan cəmiyyətinə, həm də Azərbaycan jurnalistikasına qarşı təhqirdir. Onlar insanları təhqir etməklə yanaşı, onların şəxsi həyatına, ailə həyatına qərəzli mövqedən yanaşır, öz məqsədlərinə çatmaq üçün müəyyən şantaj xarakterli əməllərə əl atırdılar. Bu şəxslər həmin çirkin əməllərini birinci dəfə deyil, mütəmadi edirdilər, ayrı-ayrı insanları şantaj etməklə məşğul idilər. Hamı onların fəaliyyətini görürdü, hansı əməllərə əl atdıqlarını bilirdilər. Buna görə də bu məsələ hüquqi çərçivədə öz həllini tapmalı idi. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi bu cür əməliyyat Azərbaycanda jurnalistikanın sağlamlaşmasına, cəmiyyətə qarşı yönəlmiş mənəvi terrorun qarşısını almaq üçün atılan addımlardandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti