...

Azərbaycanın qədim pullarının muzey ekspozisiyası yaradılıb (FOTO)

Mədəniyyət Materials 15 Aprel 2013 11:26 (UTC +04:00)
“İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyi numizmatikanın öyrənilməsi, geniş ictimaiyyətə tanıdılması, ölkəmizə gələn xarici turistlərə Azərbaycanda tarixən dövriyyədə olan yerli və əcnəbi pul vahidlərini, sikkələri tanıtmaq məqsədilə numizmatika ekspozisiyası yaradılıb.
Azərbaycanın qədim pullarının muzey ekspozisiyası yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İsabalayeva/

"İçərişəhər" Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" tarixi muzeyi numizmatikanın öyrənilməsi, geniş ictimaiyyətə tanıdılması, ölkəmizə gələn xarici turistlərə Azərbaycanda tarixən dövriyyədə olan yerli və əcnəbi pul vahidlərini, sikkələri tanıtmaq məqsədilə numizmatika ekspozisiyası yaradılıb.

İdarədən bazar ertəsi Trend-ə verilən məlumata görə, muzey ekspozisiyası XIV əsrə aid, insanların arzularının çin olduğuna inandıqları və buna görə də Çin məscidi kimi tanınan tarixi abidədə qurulub. Eksponatlar müvafiq dövrlərə bölünərək müxtəlif vitrinlərdə qruplaşdırılıb.

Azərbaycanda aşkarlanan ən qədim pul nümunəsi Əhəməni hökmdarı Kserks tərəfindən zərb edilib. Həmin pullarla yanaşı Qafqaz Albaniyasında zərb edilən yerli "oxşatma" sikkələr də bu dövrün əsas mübadilə vasitələri olub.

Eramızdan əvvəl II əsrdən etibarən Parfiya dövlətinin adından zərb edilən sikkələr bütün Azərbaycan ərazisindən tapılır. Bu pulların üzərində-aversində hökmdarın profildən real portreti, bütün bəzək elementləri, geyimi və hakimiyyət rəmzlərinin simvolları əks olunurdu. Əks tərəfində - reversində hökmdarın adı, titulları, zərb edildiyi yer dördbucaqlı formada göstərilirdi. Yazılar yunan hərfləri ilə həkk olunurdu. Bu pullar 200-250 ilə yaxın tədavüldə olub.

Bizim eranın III əsrin ortalarından Azərbaycan Sasanilər imperiyasının ərazi-inzibati bölgüsünün bir hissəsinə çevrilir və ilk dəfə bu zaman mərkəzləşmiş imperiyadan pul zərb etmək səlahiyyətini əldə edir. Ekspozisiyada nümayiş olunan Sasani imperiyasının qızıl pul vahidinin üz tərəfində-aversində Varahram, onun xanımı və onların varisinin rəsmi öz əksini tapmış, əks tərəfində-reversində isə hökmdarın titulları, dövlət rəmzləri zərb edilib. Gümüş və qızıl pulların üzərində şəhərlərin adları qısaldılmış şəkildə göstərilirdi. Sasanilər imperiyasının tərkibində mövcud olmuş müasir Azərbaycanın bəzi şəhərləri (Naxçıvan, Bakı, Dərbənd, Gəncə) Ərəb xilafətinin yarandığı VIII əsrin ortalarına kimi sikkə zərbi işini davam etdiriblər. Ərəb xilafəti dövründə Azərbaycanda zərb edilən dinar, dirhəm və fuluslar rəsmi tədavül vasitəsi olaraq ayrı-ayrı dövlətlər yarananadək mövcud olub. Beləcə, Əmir Teymur Qafqazı işğal edənədək bu sikkələr pul münasibətlərinin əsasını təşkil edirdi. XIV əsrin sonlarından tənsə və miri adlı nominallar dövriyyəyə daxil olur.

Çox maraqlı pullar Şirvanşahlar dövləti tərəfindən dövriyyəyə buraxılırdı. Bu pullar öz formalarına və hazırlanma texnologiyasına görə təkraredilməzlik statusunu bu günə qədər saxlayır. İki əsrdən artıq mövcud olmuş Səfəvilər dövlətinin qızıl və gümüş pulları qeyri-adi məzmuna malik idi. Bu sikkələrin əsas cəhəti onların üzərində ərəb əlifbasının nəfis süls xətti ilə "ƏliyyənVəliyullah" kəlamı, 12 imamın adı, dövrün bir sıra şairlərinin şeirlərindən nümunələr və fəlsəfi fikirlərin zərb olunmasıdır.

Sonuncu Azərbaycan pulları xanlıqlar dövründə zərb edilir. Anonim xarakterli bu pullar yalnız ölkə daxilində ticarət münasibətlərində yararlı idi. Rusiya və Macarıstan imperiyalarının qızıl pul vahidləri olan "çervonlar" sikkədən daha çox bəzək əşyalarına bənzərliyi ilə fərqlənir ki, bu da həmin pulların az müddət dövriyyədə olması və sonradan xanımların onlardan bəzək əşyası kimi istifadə etməsi ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti