...

Azərbaycanda yeni filmin təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 4 Avqust 2014 17:05 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının “Bitməyən müharibənin qəhrəmanları” layihəsi çərçivəsində ərsəyə gəlmiş ikinci sənədli filmin təqdimat mərasimi keçirilib.
Azərbaycanda yeni filmin təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Mətbuat Şurasının "Bitməyən müharibənin qəhrəmanları" layihəsi çərçivəsində ərsəyə gəlmiş ikinci sənədli filmin təqdimat mərasimi keçirilib.

Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, "O - film" studiyasının lentə aldığı, Milli Ordumuzun zabiti, Qarabağ uğrunda döyüşlərdə həyatını qurban vermiş Əhməd Abdullayevdən bəhs edən "Əhmədə deyin ki..." filminin təqdimat mərasiminə toplaşanların bu mənada keçirdikləri hisslər anlaşılan idi.

Cəlilabad Rayon İcra Hakimiyyətində baş tutan tədbirə şəhidin doğmaları, Mətbuat Şurasının rəhbərliyi, yerli icra strukturunun və ictimaiyyətin nümayəndələri qatılıblar.

Mərasimi giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açıb. O, xalqımızın qəhrəmanlıq tarixində cəlilabadlıların yeri və rolundan danışıb. Milli Qəhrəman Mübariz İbrahimovun, həmçinin xalqımızın igid oğulları Fərid Əhmədovun, Əhməd Abdullayevin və başqalarının sayəsində igidlik salnaməmizin getdikcə zənginləşdiyindən fəxrlə danışıb. Torpaqlarımızın azadlığı uğrunda həlak olmuş övladlarımızın xatirələrini əziz tutduğuna görə dövlət rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, vətənpərvərlik tarixən hər bir xalqın əbədi daşıdığı müqəddəs ideyadır. Xalqımız ikinci dəfə dövlət müstəqililyinə qovuşduqdan sonra ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə bu ənənəyə sadiqliyini göstərdi. Cəlilabadda boya-başa çatmış Əhməd Abdullayev də həmin qəhrəmanlardan biri idi. MŞ sədri eyni zamanda bildirib ki, rəhbərlik etdiyi qurumun "Bitməyən müharibənin qəhrəmanları" layihəsi çərçivəsində ikinci filminin də Cəlilabaddan olan qəhrəmana həsr olunması bu yurdun böyük şücaət potensialından xəbər verir. O, Azərbaycanın igid oğullarının həyat yoluna işıq salmaq, qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan layihə çərçivəsində ona yaxın sənədli filmin çəkiləcəyini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə şəhid Əhməd Abdullayev kimi oğulları qəhrəmanlıq nümunəsi yaratmış dəyərli şəxsiyyətlər olaraq xarakterizə edib. Baş redaktor filmin orta məktəblərdə nümayişinin təşkilini vacib sayıb. Bunun hər bir gənc üçün örnək mahiyyətinə diqqət yetirib.

"O - film" studiyasının rəhbəri, jurnalist Bəxtiyar Qaraca bildirib ki, hərb işinə sevgi Vətən sevgisindən yaranır. Əhməd valideynlərinin, müəllimlərinin əhatəsində bu hissin təsiri ilə yetişmiş gənclərdəndir. Bu səbəbdən də filmdəki kadrlar hüznü, pessimizmi deyil, optimizmi, qələbəyə inamı aşılayır. O, çəkilişə göstərdiyi diqqətə görə Milli Məclisin deputatı, filmin ideya müəllifi Malik Həsənova təşəkkür edib.

Şəhid Əhməd Abdullayevin atası Hüseynağa Abdullayev oğlunun xatirəsini yaşadan sənədli filmin yaradıcılarına ailəsinin və bütün cəlilabadlıların təşəkkürünü çatdırıb.

Təqdimat mərasimi filmin nümayişi ilə başa çatıb.

Qeyd edək ki, Abdullayev Əhməd Hüseynağa oğlu 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib. 1992-ci ildə təhsilini davam etdirmək məqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib.

Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə) keçirilən hərbi təlimlərdə iştirak edib. 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb. 2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib. Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi dövüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Onu da deyək ki, Azərbaycan Mətbuat Şurasının "Bitməyən müharibənin qəhrəmanları" layihəsi çərçivəsindəki ilk filmi Cəlilabaddan olan şəhid Fərid Əhmədova həsr olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti