Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Noyabrın 2-4-də Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində İSESCO-nun fəaliyyətini özündə əks etdirən sərgi nümayiş olunub.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə müxtəlif dövrlərdə İSESCO-nun keçirdiyi və iştirak etdiyi bir sıra tədbirlərdən fotoşəkillərdən ibarət lövhələr öz əksini tapıb. Həmçinin, İSESCO-nun hesabat xarakterli bir sıra çap məhsulları, eləcə də Oman mədəniyyətini və turizm imkanlarını özündə əks etdirən bir neçə kataloq və broşürlar da sərgidə nümayiş olunur.
Sərgidə mədəniyyət paytaxtları bölməsində Azərbaycan Prezidenti İlham Əliyevə 2009-cu ildə təqdim edilən xüsusi lövhənin foto şəkilləri, həmçinin İSESCO baş direktoruna Prezident tərəfindən təqdim edilən ordenin fotoşəkilləri, eyni zamanda İSESCO-nun xoşməramlı səfirləri bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da fotoları yer alır.