Bakı. Trend:
Bakı Yaradıcılıq Həftəsi tədbirlərinin, yeni təşəbbüslərlə və müzakirələrlə zəngin olacağı, müasir və dinamik yaradıcılıq mühitinin formalaşmasına xidmət edəcəyi gözlənilir.
Trend xəbər verir ki, bunu Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi – 2025” festivalına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində Azərbaycanda mədəni və kreativ sənayelərin inkişafı üzrə genişmiqyaslı işlər həyata keçirilir.
“Mədəni və kreativ sənayelərin inkişafı ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verir. Dövlət qurumları qarşısında bu istiqamətin gücləndirilməsi ilə bağlı konkret vəzifələr qoyulub. Azərbaycanda ciddi islahatlar aparılıb, mühüm qərarlar qəbul edilib, yeni təcrübələr tətbiq olunub. Bu gün artıq əldə etdiyimiz nailiyyətləri digər ölkələrin nümayəndələri ilə bölüşmək, əməkdaşlığı genişləndirmək və tərəfdaşlığın yeni modellərini təqdim etmək imkanımız var.
Xüsusi diqqət yaradıcılıq sahəsində innovasiyalara, texnologiyalara və müasir yanaşmalara yönəldiləcək. İştirakçılar həm Azərbaycanın, həm də İƏT-ə üzv digər dövlətlərin nailiyyətləri ilə tanış ola biləcəklər”, – deyə Rəşad Əzizov bildirib.
Festival oktyabrın 5-dən 12-dək İslam Əməkdaşlıq Təşkilatının (İƏT), Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək.
Tədbirdə 50-dən çox ölkədən 300-dən artıq qonağın – dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, eləcə də yaradıcı sənaye üzrə mütəxəssislərin iştirakı gözlənilir. Ümumilikdə festival çərçivəsində beş mindən çox iştirakçı bir araya gələcək. Kino, teatr, moda, dizayn, musiqi, oyun texnologiyaları, rəqəmsal yaradıcılıq və startaplara həsr olunmuş panel müzakirələri, nümayişlər, sərgilər və digər tədbirlər keçiriləcək. Bütün bunlar ölkəmizin kreativ sənaye ekosisteminin qlobal miqyasda təşviqinə töhfə verəcək.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksəksəviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.
İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.
Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi tədbir ölkəmizin beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirəcək.
Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.
