...

Mətbuat Şurası beynəlxalq təşkilatlara, xarici media qurumlarına müraciət edib

Gündəm Materials 5 Oktyabr 2020 19:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Mətbuat Şurasının beynəlxalq təşkilatlara, xarici media qurumlarına müraciət edib.

Şuradan Trend-ə verilən məlumata görə, müraciətdə deyilir:

"Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin törətdikləri hərbi təxribatlara cavab olaraq 27 sentyabr 2020-ci il tarixdə əks-hücum əməliyyatına qərar vermiş, Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməyə başlamışdır.

Təəssüf hissi ilə bildiririk ki, Ermənistan 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalı ilə beynəlxalq hüququ necə pozmuşdursa, bu gün müharibə şəraitinin tənzimlənməsinə dair beynəlxalq hüququn norma və prinsiplərini də eyni kobudluqla pozur. İşğalçı ölkənin hərbi birləşmələri Azərbaycanın mülki əhalisi ilə yanaşı, bölgədə peşə fəaliyyətini həyata keçirən media təmsilçilərini də hədəfə alır, atəş açır, onların operativ, reallığı əks etdirən obyektiv materiallar hazırlamasına maneçilik törədir, həm Azərbaycan, həm də dünya ictimaiyyətinin gerçəkliklərdən xəbərdar olmasının qarşısını alır.

29 sentyabr 2020-ci il tarixdə Azərbaycanın İctimai Televiziyasının (İTV) əməkdaşları Tərtər rayonu ərazisində Ermənistan silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Nəticəsə şirkətə məxsus avtomobil yararsız hala düşüb, TV əməkdaşları yalnız möcüzə nəticəsində sağ qalıblar.

Ermənistan silahlı birləşmələri 30 sentyabr 2020-ci il tarixdə də eyni hərəkətlərini davam etdiriblər. Belə ki, həmin gün Azərbaycan Dövlət Televiziyasının (AzTV) Bərdə-Tərtər rayonları üzrə əməkdaşı Elnur Ələkbərov, onun sürücüsü və operatoru, həmçinin telekanalın Füzuli rayonu üzrə əməkdaşı Vüsal Qaraca, onun operatoru və sürücüsü atəşə məruz qalıb. Silahlı hücumla üzləşmiş jurnalistlərin üzərində “PRESS” yazılmış gödəkçələri, tanınma nişanları olub. Onların istifadə etdikləri avtomobillər də kütləvi informasiya vasitələrinin loqolorı ilə nişanlanıb. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, jurnalistlərin atəşə tutulması məqsədli təxribat xarakteri daşıyıb. Ümumən hazırda Ermənistan Silahlı Qüvvələrinin media nümayəndələrini və dinc əhalini atəşə tutması adi hal alıb.

Onu da bildiririk ki, Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti məhz media müstəvisində çaşdırmağa yönələn cəhdlər göstərilməkdədir. İşğalçı ölkə bəzi transmilli media orqanlarının əməkdaşlarını bölgəyə gətirir, ancaq onların təhlükəsizliklərini təmin etmir. Fransanın “Le Monde” qəzetinin əməkdaşları ilə bağlı yaranmış insident bunun əyani sübutudur.

Azərbaycan Mətbuat Şurası bildirir ki, Ermənistanın media müstəvisində manipulyasiyalar törətməsi, azərbaycanlı jurnalistlərə qarşı qaydasız davranması Cenevrə Konvensiyasının müvafiq müddəalarının, BMT Təhlükəsizlik Şurasının 1738 (2006) həmçinin, 2222 (2015) saylı qətnamələrinin tələblərinə ciddi sayğısızlıqdır.

Əminik ki, sizlər dünyanın mütərəqqi aparıcı institutları olaraq Ermənistan hakimiyyətinin və Silahlı Qüvvələrinin hərəkətlərinə biganə qalmayacaqsınız.

Sizləri müvafiq təsiredici tədbirlər görməyə, beynəlxalq jurnalist ictimaiyyətinin diqqətini vurğuladığımız məqamlara çəkməyə çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti