...

Erməni terroru dünya mediasını təhdid edir (FOTO)

Gündəm Materials 6 Noyabr 2020 16:42 (UTC +04:00)
Erməni terroru dünya mediasını təhdid edir (FOTO)

Bakı. Trend:

Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlığını, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı təxribatlarını, terror aktlarını ifşa edən, Azərbaycanın ədalətli mövqeyini işıqlandıran xarici media orqanları erməni lobbisi tərəfindən hədəfə alınır, onlar ölümlə təhdid edilir.

Hətta neytral, balanslı mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə almaqda davam edir.

Ən qəribəsi də odur ki, bu yolverilməz hallar əsasən Avropa ölkələrində yaşanır.

Fransanın “TF-1” kanalı, ABŞ-ın “The New York Times” qəzetinin əməkdaşından sonra bu dəfə İtaliyanın “La Repubblica” qəzeti də erməni lobbisi tərəfindən sosial şəbəkələrdə çoxsaylı təzyiqlərə məruz qalıb. Qəzeti islampərəst olmaqda ittiham edən erməni lobbisinin üzvləri qəzetin müxbiri Peitro Del Reni Azərbaycan Prezidenti ilə müsahibəsində Ermənistana qarşı qərəzli suallar verdiyini iddia edirlər.

Artıq məsələyə Rəsmi Bakı da ciddi reaksiya verib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Sərhədsiz Reportyorlar” təşkilatını və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsini Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə, mediaya qarşı fiziki, şifahi təhdidləri, təhqiramiz şəxsi hücumları qınamağa çağırıb.

Sözsüz, belə bir vəziyyətdə ifadə azadlığı əsas meyar kimi götürülməli və bu amilə hörmət edilməlidir.

Erməni diasporu ümumiyyətlə son dövrlərdə bütün dünyada müstəqil medianı susdurmağa cəhdlər edir, təhdidlər edir. Son bir ayda bir çox əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da hücumlara məruz qalırlar. Onlar bütün vasitələrə əl ataraq, öz yalanlarını bütün dünyaya qəbul etdirməyə çalışırlar. Bununla bir daha faşist, terrorçu xislətlərindən əl çəkmədiklərini nümayiş etdirirlər. Əlbəttə ki, onların bu çirkin əməllərinə, təhqir və təhdidlərinə ilk növbədə həmin ölkələrin rəhbərliyi, rəsmi şəxsləri münasibət bildirməlidir. Çünki başqa vaxt media, söz, mətbuat azadlığından danışan, digər ölkələri buna görə qaralayan həmin ölkələrin rəsmiləri öz jurnalistlərinin haqlarını ilk növbədə özləri müdafiə etməlidirlər.

Qısa haşiyə üçün demək olar ki, “Şarl Ebdo” nəşri ilə bağlı baş vermiş hadisə zamanı dünya müsəlmanlarının çoxsaylı etirazına məhəl qoymayaraq, demokratik azadlıqların müdafiəsinə qalxan Fransa hökumətindən analoji mövqeni təəəssüf ki, biz Azərbaycan həqiqətləri ilə bağlı reportaj hazırlamış və daha sonra erməni lobbisi tərəfindən ölümlə hədələnən Fransanın "TF1" kanalının əməkdaşı Liseron Budula münasibətdə müşahidə etmədik. Baxmayaraq ki, Fransa hökuməti erməni terrorunun qarşısının alınması istiqamətində mütləq zəruri işlər görməli idi.

İkincisi, beynəlxalq media, insan haqları təşkilatları prinsipial mövqe ortaya qoymalıdır. Çünki həmin jurnalistlər reallıqda nə görüblərsə, onu da çəkib yayımlayıb, media orqanlarında dərc ediblər. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, ermənilər bütün dünyada müstəqil medianı, haqq sözünü deyən siyasətçi və ictimai fəalları susdurmağa çalışır. İnformasiya savaşında uduzan düşmən onların maraqlarına cavab veməyən istənilən şəxsi ölümlə hədələməsi məhz faşizmin daha bir nümunəsidir.

İstər "TF1", istər "New-York Times", istərsə də la “La Repubblica” qəzeti və onun müxbiri Peitro Del Reni ilə bağlı real vəziyyət onu göstərir ki, erməni lobbi və diaspor təşkilatları üçün söz azadlığı, azad media dəyərləri yoxdur. Hər hansı kütləvi informasiya vasitəsində yayımlanmış material narazılıq doğura bilər. Amma bu narazılığın normal ifadə vasitələri var. Təəssüf ki, bu vasitələr ermənilər üçün tam yaddır.

Dünyanın aparıcı media qurumları, insan hüquqları birlikləri və beynəlxalq təşkilatları bu təhdidlərə və mənəvi təzyiqlərə biganə qalmamalıdır. Nə qədər ki, erməni lobbi və diaspor təşkilarına qarşı yerləşdikləri ölkələr və beynəlxalq təşkilatlar ciddi addımlar atmayacaqlar, onlar da demokratik prinsiplərə bir o qədər sayğısızlıq göstərəcəklər. Heç şübhəsiz, bu, olduqca mənfi presedent yaradır. Belə təəssürat yaranır ki, Qərb cəmiyyəti növbəti dəfə ikili standartlara yol verir və özünü, ali dəyərləri ermənilərə görə heçə sayacaq qədər aciz durumda göstərir.

Ayaz Mirzəyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti