...

Universitetlərdə neçə qrup distant təhsilə keçib?

Gündəm Materials 1 Noyabr 2021 13:57 (UTC +04:00)
Universitetlərdə neçə qrup distant təhsilə keçib?

Bakı. Humay Ağacanova - Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə sentyabrın 29-dan ali təhsil müəssisələrində ənənəvi tədris bərpa edilib. Bu zamana qədər ali məktəblərin əksəriyyətində tələbə və müəllimlər arasında koronavirusa yoluxma halları qeydə alındığından bir çox qruplar distant təhsilə keçib. COVID-19-a yoluxanlar 14 günlük karantin müddətini bitirdikdən sonra yenidən təhsillərini davam etdirə bilirlər.

Hazırda distant təhsilə keçən qrupların sayında artım müşahidə olunur.

Məsələ ilə bağlıTrend-ə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Günel Orucəliyeva bildirib ki, ilk öncə universitetin 7 qrupunda yoluxma halı aşkarlandığı üçün həmin qruplarda ənənəvi tədris dayandırıldı: "Keçən həftə isə daha 1 qrupda yoluxma halı aşkarlandı. Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat katibi Nəcibə Mirzəyeva qeyd edib ki, ənənəvi tədris başladıqdan bir müddət sonra “Sabah” qruplarında yoluxma halı baş verdiyi üçün distant təhsilə keçid edilib:

“Hazırda həmin qruplarda 14 gün karantin müddəti tamamlandığı üçün ənənəvi tədris bərpa olunub. Bundan əlavə Mexanika və İnformasiya Texnologiyaları (MİT) fakültəsində iki qrup, Memarlıq fakültəsində dörd qrup distant təhsilə keçib. Keçən həftə sonunda isə magistratura pilləsində bir qrupda yoluxma halı aşkarlandığı üçün 14 gün müddətinə distant təhsilə keçid oldu.”

O həmçinin qeyd edib ki, universitetdə dərslər hibrid formada təşkil olunur:

“Dərslər həftənin iki günü onlayn, üç günü isə ənənəvi formada keçirilir. Hər hansı qrupda bir nəfərdə yoluxma halı aşkarlanarsa, bütün qrup distant təhsilə keçir. Bu yolla virusun yayılmasının qarşısını alırıq.”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədovanın sözlərinə görə, ənənəvi tədris bərpa olunduğu dövrdən indiyə qədər distant təhsilə keçən qrup olmayıb:

“Tələbəblər arasında yoluxma olduğu halda bu haqda məlumat epidemioloji mərkəzə göndərilir və onların verəcəkləri rəy əsasında qrupun distant təhsilə keçirilib-keçirilməməsinə qərar verilir. Bu zamana qədər universitetdə kütləvi yoluxma halı baş verməyib. Hal-hazırda hibdrid auditoriyalarımız yaradılır. Bununla da virusa yoluxan tələbələr özlərini təcrid edərək dərslərdə onlayn formada iştirak edə bilirlər”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynovun verdiyi məlumata görə isə, bu günə qədər 24 qrupda koronavirusa yoluxma aşkarlandığı üçün distant təhsilə keçid edilib. Hazırda həmin qruplardan yeddisində 14 günlük karantin müddəti bitdiyi üçün ənənəvi dərs bərpa edilib.

Azərbaycan Texniki Universitetinin (AZTU) mətbuat katibi Sevinc İsgəndərova da qeyd edib ki, ötən həftə 4 tələbənin (Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi - 1 tələbə) COVID-19 testi pozitiv çıxıb:

Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib.

Qeyd edək ki, bundan əvvəl koronavirusa yoluxan 3 tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti