...

Erməni hərbçi cibindən bir çay qaşığı çıxarıb mənə göstərdi və dedi ki, azərbaycanlıların bununla gözlərini çıxardılar - Reza Deqati (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Gündəm Materials 25 Fevral 2022 23:20 (UTC +04:00)
Erməni hərbçi cibindən bir çay qaşığı çıxarıb mənə göstərdi və dedi ki, azərbaycanlıların bununla gözlərini çıxardılar - Reza Deqati
Erməni hərbçi cibindən bir çay qaşığı çıxarıb mənə göstərdi və dedi ki,  azərbaycanlıların bununla gözlərini çıxardılar - Reza Deqati (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Bakı. Elnur Bağışov - Trend:

Erməni hərbçi cibindən bir çay qaşığı çıxarıb mənə göstərdi və dedi ki, azərbaycanlıların bununla gözlərini çıxardılar .

Bunu Trend-ə müsahibəsində dünyaca məşhur fotoqraf Reza Deqati Xocalı soyqırımı ilə xatirələrini bölüşərkən deyib.

"Əslində 40 ildən çoxdur ki, mən dünyada baş verən müharibələr, faciələri yaxından görmüşəm və bunlarla əlaqədar şəkillər çəkmişəm. Xocalı faciəsinin törədildiyini fevralın 27-də eşitdim və bir neçə gün ərzində Azərbaycana gəldim. Bakıda o vaxtkı “İnturist” hotelində Fransanın humanitar təşkilatlatlarının 4 səhiyyə nümayəndəsi ilə tanış oldum. Bu təşkilatların nümayəndələri Xankəndidə ermənilərin ağır vəziyyətdə olduqlarını və onlara yardım olaraq dərman preparatlarını apardıqlarını bildirirdilər. Mən həmin şəxslərə əslində azərbaycanlılara qarşı faciənin törədildiyini söylədim və onlarla birlikdə Ağdama getdik", - deyə o qeyd edib.

Reza Deqati həmin tarixi belə xatırlayır:

"Ağdamda İcra Hakimiyyətinin qarşısında Allahverdi Bağırovla tanış oldum. A.Bağırovun saf ürəkli və cəsarətli olduğunu gördüm. Onlara fransızların Xankəndiyə getmək istədiyini dedim, Bağırov bildirdi ki, köməklik göstərəcək.

Bu zaman Ağdam İcra Hakimiyyətinin qarşısına çoxlu sayda insan toplaşmışdı. Mən onların Xocalıdan gəldiklərini və əksəriyyətinin Ağdam məscidinin arxasına toplaşdığını öyrəndim. Orada artıq hansı dərəcədə dəhşətli faciənin baş verdiyi bəlli oldu. Xocalı sakinləri insanlığa zidd qəddarlığın törədildiyini danışırdılar. Doğrudan da bir insanın belə işi görə biləcəyinə inanmaq çətin idi. Xocalı meyitlərinin gətirildiyi morqun qarşısında 100-dən çox insan toplaşmışdı. Meyitlər Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən gətirilirdi. Həmin meyitlərin üzərində dəhşətli işgəncələrin izləri açıq-aşkar müşahidə olunurdu. Mən fransız humanitar təşkilatların nümayəndələrini də oraya gətirdim və onlara hansı hadisənin baş verdiyini göstərdim. Bizə xəstəxanada çoxlu sayda yaralının olduğunu bildirdilər və fransız tibb işçiləri o yaralıları müalicə etməyə başladılar".

Fotoqraf qeyd edib ki, A.Bağırov ondan bir qrup əsirin dəyişdiriləcəyini və əsirlərin dəyişdirilməsi zamanı fransızca danışmasını istəyib.

"Çünki ermənilər arasında çoxlu sayda fransız dilində danışan hərbçilərin olduğunu bildirdi. Əsirlər dəyişdirilərkən Fransa vətəndaşı olan bir erməni hərbçi dedi ki, Fransadan çoxlu sayda hərbçi burada döyüşür. O məndən niyə azərbaycanlıların şəkillərini çəkdiyimi soruşur və bunun təhlükəli olduğunu deyirdi.

Onun yanındakı sərxoş vəziyyətdə olan erməni hərbçi cibindən bir çay qaşığı çıxarıb mənə göstərdi. Səbəbini soruşduqda fransız dilini bilən erməni dedi ki, azərbaycanlı gördükdə çay qaşığı ilə gözlərini çıxardırlar. Əsirlər dəyişdirilən zaman azərbaycanlı əsirlərin ağır vəziyyətdə olduqlarını, ermənilərin isə heç əsirə oxşamadığının şahidi oldum. Bütün bunlar fotolarda da özünü göstərir.

Bir gün 7 meyit gətirilmişdi. Orada insanlar öz yaxınlarını axtarırdılar. Yaşlı bir qadın həyat yoldaşı və oğlunu faciə gecəsi itirmişdi. O da hər dəfə meyit gətiriləndə gedib onları axtarırdı. Həmin gün qadın gözləri məni axtarırmış kimi “onları tapdım, amma gözləri yoxdur” deyə qışqırırdı. Bu zaman erməni hərbçinin dediyi qaşığı xatırladım, gedib o meyitin gözlərinin olmadığını gördüm. Həkimlər həmin adamın diri-diri gözlərinin çıxarıldığını, sonra isə şaxtalı havada donaraq öldüyünü bildirdilər", deyə R.Deqati əlavə edib.

Reza Deqati Xocalı faciəsinin işıqlandırılması ilə əlaqədar planlarından danışıb.

"Xocalı faciəsini bir sıra jurnalistlər, fotoqraflar işıqlandırıblar. Bu faciəni gördükdən sonra məndə bir məsuliyyət hissi yarandı ki, onlara verilən zülmləri, danışdıqlarını dünyaya çatdırmalıyam. 1992-ci ildən bəri dünyada, əsasən Fransada (bildiyiniz kimi Fransada erməni çoxdur və mənə də Xocalı ilə əlaqədar konfrans keçirəndə, sərgi təşkil edəndə təzyiq göstərirlər) bu həqiqətləri çatdırıram. Çünki bu məsuliyyəti özümdə hiss edirəm. Hazırda da "Xojali Witness" adında yeni bir sayt yaradıram. Bu sayta həm öz materiallarım, həm də digər rejissorlar, jurnalistlər və fotoqrafların şəkillərini yığıram ki, Xocalı soyqırımı haqqında önəmli informasiya mənbəyi olsun. Bundan başqa ADA Universiteti ilə birlikdə 3 kitab hazırlamışam. Təxminən 1 aya qədər bu kitablar çapdan çıxacaq.

2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanda qaldım. Səbəbi, Qarabağda ermənilərin 30 il ərzində törətdikləri vandallığı dünyaya çatdırmaqdır. Təxminən 1 ildir ki, ermənilərin Qarabağı necə “qoruduğunu”, orada necə yaşadıqlarının şəkillərini çəkirəm", - deyə o bildirib.

R.Deqati bildirib ki, Xocalı ilə əlaqədar saytdan əlavə başqa bir sayt hazırlayıb. Bu sayt 1992-ci ildən indiyə qədər Qarabağla əlaqədar bütün hadisələr haqqındadır.

"Mənim üçün daha önəmli olan Qarabağın bərpasıdır. Artıq bununla əlaqədar şəkillər çəkməyə başlamışam. Dünyaya göstərmək istəyirəm ki, bir qrup 30 il Qarabağda sadəcə təxribatla, hər yeri dağıtmaqla, viran qoymaqla məşğul oldu. Amma indi başqa bir qrup iki ildir buranı bərpa edir. Dünya özü baxıb görsün ki, bu iki qrupdan hansı bu torpaqların əsil sahibidir. Bu torpaqların əsil sahibləri öz gənclərini onun uğrunda şəhid veriblər və indi onu dirçəldirlər", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti